пятница, 12 февраля 2016 г.

MİLLİ KONQRES PARTİYASININ 2005 - Cİ İLDƏ HAKİMİYYƏTƏ TƏQDİM ETDİYİ BƏYANNAMƏ



AZƏRBAYCANDA  MİLLİ  BİRLİYİN MÖHKƏMLƏNDİRİLMƏSİLƏ  BAĞLI BƏYANNAMƏ





Tarixin çox çətin, əzablı yollarından keçib gəlmiş    Azərbaycan xalqının qarşısında duran vəzifələri yerinə yetirməsi, öz ölkəsini qoruması, getdikcə daha böyük sürətlə inkişaf edən dünya xalqları içərisində yer tutması, rahat, xoşbəxt, təhlükəsiz, zəngin yaşaması üçün ölkədə milli birliyin möhkəmləndirilməsinə böyük ehtiyac var. Milli birliyin möhkəmləndirilməsi üçün insanları, xalqı bir-birindən ayıran, onları bir hədəf uğrunda mübarizə aparmağa imkan verməyən bütün ziddiyətlər aradan götürülməli, onlara vurulan ağır yaralar sağaldılmalı, insanların maddi, mənəvi, psixoloji problemləri həll edilməlidir. Milli Konqres Partiyası bu tarixi şəraiti və milli vəzifəni əsas götürərək ölkədə milli birliyin möhkəmləndirilməsi üçün hamını birləşdirən, hamını səfərbər edən, hamını barışdıran bir yolun əsaslarını ortaya qoyan təkliflərini əziz xalqımıza bəyan edir.



   MİLLİ BİRLİYİN HƏDƏFLƏRİ
-  Azərbaycan xalqının azad və təhlükəsiz yaşaması ;
-  Azərbaycanlıların firavan, xöşbəxt və sağlam yaşaması ;

- Azərbaycan dövlətinin inkişafı və güclənməsi, dövlətin bütün məsələlərinin ölkə konstitusiyası və qanunlara uyğun həll edilməsi ;
ölkəmizin demokratik, insan azadlıqlarının qorunduğu, hakimiyyətlərin seçicilərin azad iradəsi əsasında ədalətləəyyən edildiyi bir ölkəyə çevrilməsi ;
- ölkəmizdə ədalətsizliyin, rüşvətxorluğun, korrupsiyanın, mənəviyyatsızlığın aradan qaldırılması ;
- vətənimizdə kasıblığın, yoxsulluğun aradan qaldırılması, maddi ehtiyacı olan və çörəyə möhtac insanların xilas edilməsi ;
- insanların arasındakı düşmənçilik və ədavətin aradan qaldırılması, qisasçılığa son qoyulması, insanların bir-biri ilə barışması, dövlətin onları əfv etməsi ;
- Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi ;
- uzun illər ərzində evsiz qalmış, soyuq və istinin, yağış və çovğunun, aclıq və susuzluğun, sahibsizlik və kimsəsizliyin bütün acılarını dadmış qaçqınların öz yurdlarına- Qarabağa və başqa torpaqlarımıza dönməsi, onların bütün ehtiyaclarının ödənməsi ;
- Azərbaycanın bütövlüyü və dünyada yaşayan bütün azərbaycanlıların həmrəyliyi, harada yaşamasından aslı olmayaraq öz milli haqlarına sahib olması;
- Azərbaycanda yaşayan bütün insanların öz etnik kimliyi və mədəniyətini, dini mənsubiyyətini yaşatmasına geniş imkanlar yaradılması ;
- Azərbaycanın insanların xöşbəxt yaşadığı, dünyanın inkişaf etmiş ölkələrinin içərisində layiqli yeri olan, bütün azərbaycanlıların burada yaşamaq arzusu və haqqı tanınan, Azərbaycanın uğrunda şəhid olmağa hazır olduqları bir vətən olması naminə ;

BİZ HAMIMIZ

               1. Azərbaycanın şimalında yerləşən və əksəriyyətinin bir biri ilə zidd münasibətdə olduğu Azərbaycan dövlətləri - Qazax və Şəmsədil sultanlığını sentyabr 1801-ci ildə, Balakən-Car torpağını 1804-cü ilin yanvar, Gəncə xanlığını 1804-cü ilin yanvar, Qarabağ xanlığını 1805-ci ilin may, Şəki xanlığını 1805-ci ilin may, Şirvan xanlığını 1805-ci ilin dekabr, Dərbənd xanlığmı 1806 -cı ilin iyun, Bakı xanlığını 1806-cı ilin oktyabr, Quba xanlığını 1806-cı ilin oktyabr,
Talış xanlığını 1826-cı ild
ə , Naxçıvan xanlığını 1827-ci ilin iyun, İrəvan xanlığını 1827-ci ilin oktyabr ayında işğal etmiş Çar Rusiyası ilə Azərbaycanın cənubunda yerləşən xanlıqları öz tərkibinə qatan Qacarlar xanədanı arasında 1813-cü ildə bağlanmış Gülüstan müqaviləsi və 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsi ilə Azərbaycanın, Azərbaycan türk xalqının iki yerə parçalanmasının nəticələrinin aradan qaldırılmasını ;
                   2. 1900-1907-ci, 1915-1918-ci illərdə Rusiyanın imperialist və bolşevik hakimiyyətlərinin bilavasitə iştirakı ilə erməni - daşnak terrorçu dəstələri tərəfindən Şimali Azərbaycanda, o cümlədən indiki Ermənistan ərazisində və cənubi Azərbaycanda Azərbaycan türklərinin, digər müsəlman xalqlarının yüz minlərlə kütləvi şəkildə qətlə yetirilməsinin, onların öz yurdlarından qovulmasının, əmlakının qarət edilməsinin, məhv edilməsinin nəticələrinin aradan qaldırılmasını ;
                    3. 1920-ci il aprel ayının 27-də Sovet Rusiyası Azərbaycan Xalq Cümuriyyətini işğal etdikdən Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa etdiyi 1991-ci il oktyabr ayının 18-dək işğalın nəticələrinin, işğalçı kommunist rejimin Azərbaycan torpaqlarını, o cümlədən Zəngəzuru Ermənistana verməsinin, türk yurdu olan İrəvan, başqa şəhər və kəndlərdən yüz minlərlə azərbaycan türkünün, eləcə də başqa etnik qruplara məxsus insanların kütləvi şəkildə öz yurdlarından deportasiya edilməsinin, Naxçıvanın anklava çevirilməsinin, Qarabağın Dağlıq hissəsində heç bir əsası olmadan Dağlıq Qarabağ Muxtar Vilayəti adlı qurumun yaradılmasının, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət, siyasət adamlarının, hərbçilərinin, sahibkarların, ziyalı və alimlərin, yüz minlərlə vətənpərvər azərbaycanlının qətlə yetirilməsinin, həbs edilməsinin və sürgünə göndərilməsinin, onların daşınmaz və daşınan əmlaklarının müsadirə və qarət edilməsinin, Azərbaycan xalqına qarşı törətdiyi başqa cinayətlərin nəticələrinin aradan qaldırılmasını ;
                   4. 1988 -ci ildən başlayaraq Azərbaycan Respublikası öz dövlət müstəqilliyini qazandığı ərəfədə və dövlət müstəqilliyi qazanıldıqdan sonrakı dövrdə Azərbaycanın müstəqilliyini qazanması və dövlət müstəqilliyinin qorunması ilə bağlı mübarizə aparan şəxslərə qarşı baş verən cinayətlərin, ədalətsizliklərin nəticələrinin aradan qaldırılmasını ;
                   5. Ermənistan silahlı qüvvələrinin və terrorçularının Ermənistan Respublikası ərazisində azərbaycanlılara qarşı törətdikləri terror və deportasiya nəticəsində minlərlə soydaşımızın həlak olması, bir neçə yüz min soydaşımızın öz tarixi yurdlarından Azərbaycana qovulması, onlarn daşınan və daşınmaz əmlakının qarət edilməsi, Ermənistan silahlı qüvvələrinin və terrorçularının Azərbaycan Respublikasının Qarabağ və başqa ərazilərini işğal etməsi, həmin ərazidə yaşayan bir miliona qədər Azərbaycan vətəndaşlarının öz yurdlarından qovulması, bu işğala qarşı mübarizə aparan on minlərlə insanın həlak olması, işğalçılar tərəfindən on minlərlə azərbaycanlının, o cümlədən qocaların, qadın və uşaqların qətlə yetirilməsi, əsir götürülməsi, bu torpaqlarda yerləşən şəhər və kəndlərdəki bütün evlərin, vətəndaşların əmlaklarının, xəstəxanaların, məktəblərin, başqa ictimai tikililərin məhv edilməsi, əmlakın qarət edilməsi, həmin ərazilərdən qovulmuş insanların evsiz, qaçqın düşərgələrində ağır şəraitdə əziyyət içərisində yaşamalarının və digər zərərlərin nəticələrinin aradan qaldırılmasını ;
                   6. Zor tətbiq edilməklə baş vermiş hakimiyyət dəyişiklikləri, hakimiyyətin zor tətbik etməklə dəyişdirilməsi cəhdləri zamanı siyasi-hərbi qarşıdurmalar nəticəsində baş verən hadisələrin nəticələrinin aradan qaldırılmasını ;
                   7. Hakimiyyətdə olan qüvvələrin müxalifətdə olan şəxslərə və partiyalara, onların liderlərinə, üzvlərinə və tərəftarlarına, qohümlarına qarşı onların siyasi mövqeyinə görə represiya tədbirlərinin nəticələrinin aradan qaldırılmasını ;
                   8. Azərbaycan hökümətinin doğru olmayan siyasəti nəticəsində ölkədə olan fabrik və zavodların fəaliyyəti dayandırıldı, inflyasiya nəticəsində ölkə vətəndaşlarının əllərindəki və əmanət banklarındakı pulları dəyərdən düşdü, ölkədə işsizlik və yoxsulluq kütləvi hal aldı. Bir neçə il ərzində iki milliona qədər əsasən gənclərdən ibarət olan Azərbaycan vətəndaşı işsiz qalıb, özünü və ailəsini dolandırmaq üçün Rusiyaya, Türkiyəyə, Ukraynaya, Belorus, Orta Asiya ölkələrinə, Avropa ölkələrinə və başqa ölkələrə getdi və bu köç indi də davam edir. Kütləvi işsizlik, kasıblıq, yoxsulluq, köç nəticəsində insanlarımızın, o cümlədən məcburi köç etmiş vətəndaşların və onların vətəndə qalmış ailə üzvlərinin iqtisadi, sosial, mənəvi və psixoloji durumuna, çox ağır zərbə vuruldu. Çoxsaylı iş qabiliyyətli
vətə
ndaşımızın, xüsusən işsiz qalmış gənclərin vətəni tərk etməsinə görə ölkənin iqtisadi, sosial, demoqrafiq, siyasi və hərbi potensialına vurulan çox ciddi zərərin nəticələrinin aradan qaldırılmasını ;
             9. Azərbaycan hökümətinin doğru olmayan qərarı ilə dövlət idarəçiliyində olan xəstəxanalarda, poliklinikalarda, başqa tibb təşkilatlarında vətəndaşların müayinə və müalicə edilməsinin pullu olduğuna, yüz minlərlə insanın müalicə üçün pul tapa bilmədiyinə görə ölkədə insan ölümünün sayının iki dəfə artmasının, insanların kütləvi sürətdə sağlamlığını itirməsinin nəticələrinin aradan qaldırılmasını ;
             10. Bələdiyyələrə, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin və Azərbaycan Respublikası Prezidenti seçkilərinin saxtalaşdırılması yolu ilə hakimiyyətin qanunsuz olaraq ələ keçirilməsi imkanlarının aradan qaldırılmasını ;
             11. Vəzifəli şəxslərin hakimiyyətdən sui - istifadə, korrupsiya, rüşvətxorluq və zorakılıq yolu ilə dövlətin, şirkətlərin və vətəndaşların mülkiyyətini ələ keçirməsinin, bu yollarla dövlətə, şirkətlərə və vətəndaşlara vurulan başqa maddi zərərin nəticələrinin aradan qaldırılmasını ;
                12. Azərbaycan hakimiyyətinin vətəndaşlara humanist münasibət göstərməməsi, polis, prokurorluq, məhkəmə və başqa orqanlarda korrupsiya və rüşvətxorluğun kütləviləşməsi nəticəsində vətəndaşların əsassız cinayət məsuliyyətinə cəlb edilməsi və heç bir səbəb olmadan azadlıqdan məhrum etmə cəzasına məhrum edilənlərin sayının bir neçə dəfə artmasının nəticələrinin aradan qaldırılmasını zəruri hesab edirik.

MİLLİ BİRLİYİN MÖHKƏMLƏNDİRİLMƏSİ ÜÇÜN HƏLLİ ZƏRURİ OLAN MƏSƏLƏLƏR :

    1.Tarixi Azərbaycan ərazilərində, o cümlədən İranın tərkibində olan Cənubi Azərbaycanda və başqa ərazilərində yaşayan Azərbaycan Türkləri BMT - nin insan hüquq və azadlıqları bəyannaməsinə və başqa beynəlxalq hüquq sənədlərinə uyğun olaraq insan və milli hüquq və azadlıqlarına sahib olsun, öz müqəddaratı ilə bağlı qərarları azad qəbul etsin.
    2. Azərbaycan Respublikası bütün Azərbaycanlıların vətənidir. Hər bir azərbaycanlı Azərbaycan Respublikasına gələ bilsin, onların Azərbaycan Respublikasının vətəndaşlığını alma imkanı sadələşdirilsin, onların Azərbaycan Respublikasına gəlib - getməsi, Azərbaycan Respublikasında uzun zaman yaşaya bilməsi və arzu etdiyi işləri görə bilmələri azad olsun. Cənubi Azərbaycana da bütün azərbaycanlıların azad getməsi, orada arzu etdikləri işləri görməsi azad olsun. Azərbaycanlıların yaşadığı ölkələrlə Azərbaycan Respublikası arasında siyasi, iqtisadi, ticarət, humanitar və başqa fəaliyyətlərin aparılmasında həmvətənlərimizin iştirakı təmin edilsin, onların siyasi, iqtisadi və sosial qazanc əldə etmələri bu işlərin hədəflərindən biri olsun.

Azərbaycanın strateji müttəfiqi olan Gürcüstanda öz ata yurdlarında yaşayan azərbaycanlıların Azərbaycana gəlib- getmə proseduru, onların Arbaycan Respublikasının vətəndaşlığını alma qaydası sadələşdirilsin, Azərbaycan Respublikasında uzun zaman yaşaması və arzu etdiyi işləri görməsi azad olsun, Azərbaycan Respublikası dövləti Gürcüstanda azərbaycanlıların yaşadığı ərazilərdə onlar üçün iş yerlərinin açılması, onların iqtisadi və sosial imkanlarının artırılması məqsədi ilə investisiyalar qoysun. Gürcüstanla siyasi, iqtisadi və başqa münasibətlər orada yaşayan azərbaycanlıların mənafeləri nəzərə alınmaqla gerçəkləşdirilsin.
             3. 1920-ci il aprelin 27-dən 1991-ci il oktyabrın 28-dək Azərbaycan Respublikası Sovet Rusiyasının işğalı altında olduğu dövrdə işğalçı rejimin Azərbaycan Respublikası vətəndaşlarına qarşı törətdiyi represiyalar - qətllər, o cümlədən məhkəmələrin, təhlükəsizlik və daxili işlər orqanlarının qanunsuz qərarları ilə verilən ölüm cəzaları, həbslər və sürgünlər, vətəndaşların xüsusi mülkiyyətində olan daşınan və daşınmaz əmlakının əlindən alınması, elmi, bədii, siyasi və dini əsərlərin yandırılması, çapı qadağan edilməsi, oğurlanması, təhrif edilməsi nəticəsində vurulan mənəvi, intelektual, maddi zərərə görə bu şəxslərə ya da onların varislərinə kompensasiyalar ödənsin.
             4. 1920-ci il aprel ayının 27-dən 1991-ci il oktyabr ayının 28-dək Rusiyanın (Sovet İttifaqının) işğalçı rejiminin Azərbaycan Xalq Cümhuriyyətinə, onun vətəndaşlarına qarşı repressiya fəaliyyətində iştirak etmiş kommunist partiyası təşkilatlarında, təhlükəsizlik, daxili işlər və başqa orqanlarda, eləcə də Rusiyanın (Sovet İttifaqının) aqentura şəbəkələrində işləyən azərbaycanlılar əfv edilsin. Bu əfvə baxmayaraq belə fəaliyyəti sonra da davam etdirənlərin əfv edilməsindən imtina edilsin.
             5. 1988-ci ildən başlayaraq Azərbaycanın dövlət müstəqilliyi uğrunda aparılan mübarizədə iştirak etdiyinə görə repressiyaya məruz qalmış şəxslərə, bu mübarizədə iştirak edərkən həlak olan şəxslərin varislərinə kompensasiyalar və mükafatlar verilsin. Bu şəxslər cəza çəkmə yerlərindən azad edilsinlər və onların normal həyata dönmələri üçün dövlət qayğısı göstərilsin, bu repressiyalarda iştirak etmiş azərbaycanlılar eyni fəaliyyətlərini davam etdirməmək şərti ilə əfv edilsin.
             6. Ermənistan Respublikasından deportasiya edilmiş azərbaycanlıların öz doğma yurdlarına qayıtma haqqı tanınsın, 1987-ci ildən başlayaraq deportasiya edilən qaçqınlardan ehtiyacı olanlar onların normal yaşayış üçün arzu etdikləri şəhər və kəndlərdə evlə təmin edilsin, onların Azərbaycan Respublikasının iqtisadi, sosial, mədəni və siyasi həyatına tam qovuşması üçün bütün imkanlar yaradılsın. Azərbaycan dövləti onların Ermənistana öz yurdlarına qayıtma haqqı qazanmaları üçün ruri işləri görməyi, onların bu haqqı qazandığı halda həmin yerlərdə onları evlə və başqa zəruri vəsaitlərlə təmin etməyi, təhlükəsiz yaşamasına təminat verilməsini öz öhdəsinə götürsün.
            7. Ölkədə milli birliyi möhkəmləndirmək üçün Ermənistan silahlı qüvvələri və terrorçuları   tərəfindən   1988-ci   ildən başlayaraq Azərbaycan Respublikasının ərazilərinin - Qarabağın dağlıq hissəsini - Şuşa, Xocavənd, Xankəndi, Ağdərə, Xocalı, habelə Laçın, Kəlbəcər, Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını, başqa rayonların ayrı-ayrı kəndlərinin işğal edilməsi nəticəsində bu ərazilərdən qovulan şəxslərin normal yaşayışları üçün onlar evlərlə, iş yerləri ilə, məktəb, xəstəxana və başqa zəruri olan şəraitlə, yardımlarla təmin edilsin. Şəhid ailələrinə, ailə başçılarını və üzvlərini müharibədə itirmiş ailələrə yardımlar verilsin, onlar evlə təmin edilsinlər. Muharibə əlilllərinə xüsusi qayğı göstərilsin. Onlar işlə və evlə təmin edilsin, müalicə və təhsil alması üçün güzəştlər edilsin, yaşayışları üçün zəruri olan yardımlar göstərilsin. Onların Azərbaycan Respublikasının iqtisadi, sosial, mədəni və siyasi həyatına qovuşması üçün bütün imkanlar yaradılsın. Muharibə iştirakçılarına təhsil alması, işlə təmin edilməsi, başqa zəruri ehtiyaclarının ödənməsi üçün güzəştlər verilsin.
            8. Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri və erməni terrorçuları tərəfindən işğal edilən ərazilərinin hamısı, o sıradan Qarabağın dağlıq hissəsinin azad edilməsi və bu ərazilərdə Azərbaycan dövlətinin suverenliyinin təmin edilməsi üçün beynəlxalq və reqional təşkilatların iştirakı ilə dinc vasitələrdən sona qədər istifadə edilsin. Bütün dinc vasitələrlə işğalı aradan qaldırmaq mümkün olmadıqda, işğalçılara qarşı məcburedici tədbirlər qörülsün.
            9. Ermənistanın işğalı nəticəsində Azərbaycanın dövlət mülkiyyətində və vətəndaşların xüsusi mülkiyyətində olan daşınar və daşınmaz əmlaka, tarixi abidələrə və başqa maddi və mənəvi dəyərlərə vurulan maddi zərərin həcmi beynəlxalq təşkilatların iştirakı ilə dəqiqləşdirilsin, Ermənistan dövlətindən bu zərər tələb edilsin və alınsın.
           10. Ermənistan silahlı qüwələrinin və erməni terrorçularının işğal etdiyi ərazilərdən qovulmuş bütün köçkünlər öz yürdlarına, o çümlədən Qarabağın dağlıq hissəsinə öz yaşayış yerləri olan Şuşaya, başqa şəhər, qəsəbə və kəndlərə qaytarılsın, bu şəhər, qəsəbə və kəndlər bərpa edilsin, onlar üçün evlər. xəstəxanalar. məktəblər tikilsin, iş yerləri açılsın, torpaqlar onların xüsusi mülkiyyətlərinə verilsin, təhlükəsizlikləri təmin edilsin.
           11. ÖIkədə milli birliyi möhkəmləndirmək üçün anklav vəziyyətdə və Ermənistanın işğal təhdidleri altında qalan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi Azərbaycan Respublikasının Silahlı qüvvələri tərəfindən təmin edilsin. Naxçıvanın təhlükəsizliyinə vəvcudluğuna hər hansı bir təhlükə ola biləcəyi halda Türkiyə Cümhuriyyətinin    Naxçıvanın    mövcudluğuna    təminat haqqı qerçəkləşdirilsin.

            Naxçıvan iqtisadi və sosial baxımdan inkişaf etdirilsin, işsizlik aradan qaldırılsın, həyat səviyyəsi yüksəldilsin, işçi axınının qarşısı alınsın.

           12. Ölkədə milli birliyi möhkəmləndirmək üçün zor tətbiq etməklə baş vermiş hakimiyyət dəyişiklikləri, hakimiyyətin zor tətbiq etməklə dəyişdirilməsi cəhdləri zamanı :

1)  1992-ci il mart ayının 6-da Ayaz Mütəllibovun Azərbaycan Respublikasının Prezidenti vəzifəsindən Azərbaycan Xalq Cəbhəsinin başçılığı altında və Heydər Əliyevin tərəfdarlarının təzyiqi altında istefaya göndərilməsi ;
2)  1992-ci il may ayının 14-də Yaqub Məmmədovun Azərbaycan Respublikası Prezidenti vəzifəsinin icrasından Ayaz Mütəllibovun tərəfdarlarının siyasi və silahlı təzyiqi ilə kənarlaşdırılması ;
3)  1992-ci il mayın 15-də Ayaz Mütəllibovun Azərbaycan Respublikası Prezidenti vəzifəsindən Azərbaycan Xalq Cəbhəsinin siyasi və silahlı təzyiqi, Heydər Əliyevin tərəfdarlarının siyasi təzyiqi ilə kənarlaşdırılması ;
4)  1992-ci il may ayının 18-də Yaqub Məmmədovun Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsindən Azərbaycan Xalq Cəbhəsinin siyasi təzyiqi ilə kənarlaşdırılması ;
5)  1993-cü il iyun ayının 24-də Əbülfəz Elçibəyin Azərbaycan Respublikası prezidenti vəzifəsindən Surət Hüseynovun silahlı təzyiqi, Heydər Əliyevin (Yeni Azərbaycan Partiyası) və başqa şəxslərin və partiyaların siyasi təzyiqləri ilə kənarlaşdırılması ;
6)  1994-cü il oktyabr ayının 4-də Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsindən Surət Hüseynovun silahlı təzyiqi ilə kənarlaşdırılmasına cəhd edilməsi ;
7)  1995-ci il mart ayının 17-də Heydər Əliyevin Azərbaycan Respublikası Prezidenti vəzivəsindən Rovşən Cavadovun silahlı təzyiqi ilə kənarlaşdırılmasına cəhd edilməsi ;
8)  Heydər Əliyevin hakimiyyətdən kənarlaşdırılması üçün edilən sui -qəsdlər, Qobustan həbsxanasında baş vermiş silahlı qiyam.

Bütün bu hadisələr zamanı həlak olmuş şəxslərin ailəsinə maddi yardımlar edilsin, ehtiyacı olanlar evlə təmin edilsin, onların başqa ehtiyacları ödənsin.

Bu hadisələrdə iştirak etdiyinə görə məhkum edilmiş şəxslər bağışlansın.

          13. Olkədə milli birliyin möhkəmləndirilməsi üçün insan hüquq və azadlıqları gerçəkdən təmin edilsin, siyasi mənsubiyyətinə görə insanların təqib edilməsinə son qoyulsun, indiki Azərbaycan Respublikası hökümətinə müxalifətdə olan şəxslərə, partiyalara, onların liderlərinə, üzvlərinə və tərəfdarlarına, qohumlarına qarşı repressiyalar, digər təzyiqlər dayandırılsın, həbsdə olanlar azad edilsin. Ölkədən kənarda yaşamaq məcburiyyətində olan siyasətçilərin haqqında olan həbs qərarları ləğv edilsin və onlar ölkəyə qayıdıb azad şəkildə siyasətlə məşqul olsunlar. Partiyaların bərabər şərtlər və imkanlar əsasında fəaliyyətlərinə imkan yaradılsın. Yeni hakimiyyətlər də müxalifətə və partiyalara eyni münasibətdə olsun.
          14. İşsizliyə və maddi ehtiyac səbəbi ilə xarici ölkələrə köç etmiş azərbaycanlıların vətənlə bağlılığının saxlanması, yaşadıqları ölkələrdə onların hüquqlarının müdafiə edilməsi, onların Azərbaycanın siyasi, ictimai, iqtisadi və sosial həyatında, ölkənin müdafiəsində yaxından iştirakının, vətənə dönməsinin, normal yaşaması və işləməsinin təmin edilməsi, ölkədə davam edən köçün qarşısının alınması üçün :

- Köç etmiş Azərbaycanlıların yaşadığı ölkələrdə onların insan hüquqlarını, o cümlədən onların həyatının, sağlamlığının, fəaliyyət azadlığının, mülkiyyət hüququnun, başqa hüquqlarının qorunması üçün bu dövlətlərdə zəruri olan işlər görülsün, beynəlxalq və reqional təşkilatların bu məsələlərlə bağlı imkanlarından istifadə edilsin ;
- Köç etmiş Azərbaycanlıların yaşadıqları olkələrlə Azərbaycan Respublikası arasında siyasi, iqtisadi, ticarət, humanitar və başqa fəaliyyətlərin aparılmasında həmvətənlilərimizin iştirakı təmin edilsin, onların siyasi, iqtisadi, və sosial qazanc əldə etmələri bu işlərin hədəflərindən biri olsun ;
Köç etmiş Azərbaycanlıların vətəndə görmək istədikləri sahibkarlıq və başqa fəaliyyətinə hərtərəfli imkanlar yaradılsın, onların ölkəyə gətirdikləri investisiyaların qorunması, texnologiyaların tətbiqi üçün tədbirlər görülsün, dövlət orqanlarının işçilərinin qanunsuz hərəkətləri nəticəsində onlara vurulan maddi zərər dövlət tərəfindən ödənilsin, onların bu fəaliyyəti investisiya haqqında qanuna uyğun olaraq nizamlansın.
- Azərbaycanın siyasi, içtimai, mədəni və sosial həyatında onların iştirakı gücləndirilsin, ölkə prezidenti, Milli Məclisə deputat və bələdiyyə üzvləri seçkilərində onların öz namizədliklərini irəli sürmələri və səs vermədə iştirak etmələri üçün gerçək şərait yaradılsın ;
- Onların yerləşdiyi ölkələrdə diasporanın güclənməsi, geniş iqtisadi, sosial və siyasi güc qazanması üçün yardımlar göstərilsin ;
- Onların vətənə bağlılığını artırmaq, vətəndə həll etmək istədikləri sosial məsələlərini, o cümlədən evliliklə bağlı işlərini görmək üçün dövlət və bələdiyyələr tərəfindən zəruri maddi və mənəvi yardımlar göstərilsin;
- İş yerlərinin artırılması ilə bağlı dövlət proqramlarında köç etmiş həmvətənlərimizin vətənə dönməsi üçün şəraitin yaradılması zərurəti nəzərə alınsın.
- Köç etmiş vətəndaşların vətəndaşlıq borcunu yerinə yetirmək üçün Azərbaycan Silahlı Qüvvələrində xidmət etmələrinə şərait yaradılsın, vətən təhlükədə olarkən hamı vətənin müdafiəsinə gəlsin.
         15. Ölkədə milli birliyin möhkəmləndirilməsi üçün Azərbaycan Respublikasında bələdiyyələrə, Milli Məclisə və Azərbaycan Respublikası Prezidenti seçkiləri azad, ədalətli, şəffaf və Azərbaycan Respublikasının Konstitusiyasının prinsiplərinə tam uyğun keçirilsin. Bu seçkilərdə öz namizədliklərini verənlərə və səs vermək istəyənlərə heç bir təzyiq göstərilməsin, seçicilərin səsi saxtalaşdırılmasın, səsvermənin nəticələri bütün tərəflərin iştirakı ilə yaranmış seçki komissiyaları və müşahidəçilərin iştirakı iləəyyən edilsin. Beynəlxalq və reqional təşkilatların seçkilərə nəzarətinə hərtərəfli şərait yaradılsın. Seçkilərdə iştirak edən namizədlərə bərabər imkanlar tanınsın, hakimiyyətdə olan qüvvələrin dövlətin siyasi və maddi imkanlarından seçkilərdə istifadə etməsinə, rəqiblərinə maneçilik törətməsinə yol verilməsin.
Azad, ədalətli və şəffaf keçirilmiş seçkilərin nəticələri hamı tərəfindən tanınsın.
Bələdiyyələrə, Milli Məclisə və olkə prezidentliyinə növbəti seçkilərdə saxtakarlıq edənlər cinayət məsuliyyətinə cəlb edilsin və ağır cəzaya məhkum edilsin.
Saxtakarlıqla keçirilmiş seçkilərin nəticələri tanınmasın və bu nəticələrin ləğv edilməsi üçün hamı birlikdə fəal mübarizə aparsın.
Əvvəlki bələdiyyə, Milli Məclis və respublika prezidenti seçkilərində komissiyalarda sədr, sədr müavini, katib və üzv olmuş şəxslər heç vaxt seçki komissiyalarında iştirak etməsin.
        16. Ölkədə milli birliyin möhkəmləndirilməsi üçün vəzifəli şəxslərin hakimiyyətdən sui-istifadə, korrupsiya, rüşvətxorluq və zorakılıq yolu ilə dövlətin, şirkətlərin və vətəndaşların mülkiyyətini ələ keçirməsi, onların fəaliyyətlərinə qanunsuz qadağa qoymaq, maneçilik törətmək, onların tikililərini və başqa əmlakını əvəzi ödənmədən qanunsuz dağıtmaq, başqa yollarla vurulan maddi zərərlərə görə dövlət məsuliyyət daşısın və bu maddi zərərlər, o cümlədən 2001-ci ildə Bakı şəhərində, ölkənin başqa şəhər və kəndlərində icra hakimiyyətinin başçılarının qanunsuz göstərişləri ilə 25 mindən çox mağazaların, restoranların, başqa tikililərin sökülməsi nəticəsində vətəndaşlara və şirkətlərə vurulan zərər dövlət tərəfindən ödənsin, təqsirkar şəxslər cinayət məsuliyyətinə cəlb edilməsin.
         17. Sərvətinin məbləği bir milyon dollardan yuxarı olan vəzifəli şəxslər, yaxud əvvəllər vəzifədə işləmiş şəxslər öz sərvətlərinin həcmi haqqında bəyənnamə təqdim etsin, dövlətə bu sərvətə görə vergilərini ödəsin. Bu şəxslərin bəyənnamədə elan etdiyi sərvətə görə heç bir yoxlama aparılmasın, onlar cinayət məsuliyyətinə cəlb edilməsin.
      Bəyannamədə göstərilməyən sərvətlər üzə çıxarıldıqda, bu sərvətin əldə edildiyi mənbələr yoxlanılsın, qanunsuz əldə edildiyi müəyyən edildiyi halda dövlət hesabına müsadirə edilsin, bu şəxslər isə cinayət məsuliyyətinə cəlb edilməsin.
         18. Ölkədə milli birliyin möhkəmləndirilməsi üçün reqional,sosial və digər ayrı-seçkiliklər aradan qaldırılsın, ölkənin bütün sosial təbəqələri arasında əməkdaşlıq daha da gücləndirilsin. Regionların bərabər inkişafı üçün bəldiyyələrin iqtisadi və sosial məsələlərin həlli ilə bağlı səlahiyətləri artırılsın, bölgələrdə yerli ənənəvi məhsullarla bağlı sənaye təşkil edilsin, bölgələrin xarici ticarət fəaliyyəti daha azad olsun, iqtisadi müstəqilliyi artırılsın, mərkəzi hakimiyyət orqanlarında heç bir regionun və etnik qrupun nümayəndələrinə üstünlük verilməsin.
         19. Milli iqtisadi inkişafı təmin etmək üçün bütün insan, maddi və başqa resurslar birləşdirilsin, mülkiyyət azadlığı qorunsun, azad iqtisadi rəqabət həvəsləndirilsin, sahibkarlıq inkişaf etdirilsin, azad bazar iqtisadiyyatının formalaşması üçün bütün zəruri şərtlər yaradılsın.
         20. İqtisadi və sosial quruculuq işləri intensiv aparılsın, bu işdə dövlət və özəl mülkiyyətin imkanlarından səmərəli istifadə edilərək yeni sənaye, xidmət müəssisələri və başqa müəssisələr yaradılsın, bu yollarla işsizlik aşağı həddə çatdırılsın. Kəndli təsərrufatı və milli aqrar sənaye ölkəni yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin edə bilən, kifayət qədər iqtisadi səmərəliliyi olan təsərrufat strukturlarına çevrilsin, kəndlər müasirləşdirilsin. Abşeron kəndləri ətrafında olan torpaqlar bütün ölkədə edildiyi kimi bu kəndlərin sakinlərinə paylansın, bu ərazilərdə ənənəvi Abşeron məhsullarının yetişdirilməsinə yardım edilsin.
         21. Ölkədə milli birliyin möhkəmləndirilməsi üçün Azərbaycanın milli mənafeyinə cavab verən və iqtisadi səmərəliyi çox yüksək olan enerji siyasəti gerçəkləşdirilsin . Dövlət əmlakının özəlləşdirilməsi sürətləndirilsin, bu siyasət milli iqtisadiyyatın inkişafının mənbəyindən biri kimi həyata keçirilsin. TRASEKA, Bakı - Tbilisi -Ceyhan əsas neftin nəqli kəmərinin, Bakı-Tbilisi- Ərzurum qaz kəmərinin çəkilişi proqramları gerçəkləşdirilsin. Azərbaycan neftinin, o cümlədən Xəzər hövzəsində olan neftin çıxarılması və dünya bazarına çatdırılması üçün sazişlər imzalanmış neft şirkətləri ilə başqa sahələrdə, o cümlədən neft sənayesinin inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq genişləndirilsin.
         22. Qısa zaman ərzində hərbiçilərin, polis əməkdaşlarının, elm işçilərinin, müəllimlərin, həkimlərin, məmurların, tələbələrin dövlət xidmətində olan digər şəxslərin maaşları, qocalığa, əlilliyə görə pensiyalar, digər müavinatlar gerçək tələbata uyğunlaşdırılsın. Hərbiçilərin mənzillə təminatı ilə bağlı xüsusi dövlət proqramı qəbul edilsin. Minimal əmək haqqı gerçək tələbata uyğunlaşdırılsın.

Əmanət banklarında dəyərini itirmiş vəsaitlərə görə vətəndaşlara konpensasiyalar verilsin.

     23. Şərəfli, namuslu Azərbaycan qadınının sağlam, xöşbəxtyaşamasına, ölkənin qurulması və inkişaf etdirilməsində ağıl və bacarığını gerçəkləşdirməsinə şərait yaradılsın. Qadınların hüquqlarının qorunmasına, çoxuşaqlı anaların maddi və sosial ehtiyaclarının ödənməsinə dövlət xüsusi qayğı göstərsin.
     24. Azərbaycan gənclərinin, o sıradan tələbələrin sağlam böyüməsi, fərdi və milli inkişafa təminat verən təhsil alması, peşələrinə görə işlə təmin edilməsi üçün iqtisadi, elmi, texniki imkanlardan istifadə edilsin.
     25. Azərbaycan dövləti və xalqının doğru tarixi elmi prinsiplərlə akademik səviyədə hazırlansın, böyük tirajla çap edilsin.
     26. Bolşevik terroru nəticəsində repressiyaya uğramış Azərbaycan türk dilinin inkişafı, tətbiqi, öyrənilməsi, qorunması, dövlət dili kimi statusu təmin edilsin. Azərbaycanda yaşayan başqa etnik qrupların dillərinin qorunmasına dövlət qayğı göstərsin.
     27. Dövlət idarəçiliyində olan təhsil müəssisələrinin, xəstəxanaların, poliklinikaların və digər səhiyyə təşkilatlarının əhaliyyə göstərdiyi xidmətə və təhsilə görə ödəniş alması ləğv edilsin. Bu təşkilatların vətəndaşlara yüksək keyfiyyətli, müasir xidmət göstərməsi və təhsil verməsi təmin edilsin, aspirantların və disertantların ödənişsiz yolla dövlət hesabına elmlə məşqul olmalarına şərait yaradılsın.
     28. Azərbaycan Respublikasının istintaq və məhkəmə təcrübəsində cəzanın yumşaldılması istiqamətində dəyişikliklər aparılsın, həbs və azadlıqdan məhrum etmə yerlərində olan şəxslərin üçdə ikisi azad edilsin.
     29. Elm və təhsil ölkənin siyasi, iqtisadi, sosial, mədəni, hərbi inkişafını təmin edən səviyyədə qurulsun. Milli, mənəvi və dini dəyərlər öyrədilsin və təbliğ edilsin. Bütün dindarların - müsəlmanların, xristianların, yəhudilərin və başqa dinlərdən olan insanların vicdan azadlığı qorunsun.
     30. Azərbaycan Respublikasının müstəqil, azad, təhlükəsiz inkişafına təminat verən xarici siyasəti müəyyən edilsin, Avropaya inteqrasiyası gücləndirilsin.

       Azərbaycanın su, hava və quru sərhədlərini mühafizə etmək, ölkəni terrorçuların hücumlarından müdafiə etmək, Azərbaycanın torpaqlarına, sərvətlərinə iddia edən dövlətlərin təcavüzündən müdafiə etmək, beynəlxalq yolların, neft və qaz kəmərlərinin, təhlükəsizliyini təmin etmək, Ermənistan silahlı qüvvələrinin və erməni terrorçularının işğal etdiyi  Azərbaycan torpaqlarını azad etmək məqsədi ilə Azərbaycanın hərbi və siyasi gücünü artırmaq üçün təbii müttəfiqi olan Türkiyə ilə, strateji müttəfiqi olan ABŞ və NATO ilə münasibətləri daha ciddi iş birliyi səviyyəsinə qaldırılsın, GUÖAM-in siyasi, iqtisadi və hərbi strateji müttəfiqlik imkanları artırılsın.
       Terrorizmə qarşı mübarizə, regionda sülhün və təhlükəsizliyin müdafiəsi, qarşılıqlı iqtisadi və başqa əlaqələrin inkişaf etdirilməsi məqsədilə Rusiya ilə siyasi, hərbi və iqtisadi münasibətlər gücləndirilsin, Rusiyanın Ermənistanla hərbi-siyasi müttəfiqliyinin Azərbaycanın ərazi bütovlüyünü, təhlükəsizliyini və suverenliyini təhdid etməməsinin şərtləri müəyyən edilsin.
       Özbəkistan, Türkmənistan, Qazaxstan, Qırğızıstanla və Gürcüstanla strateji siyasi, iqtisadi və hərbi əməkdaşlıq qurulsun. İranla münasibətlər qarşılıqlı iqtisadi mənfəətlər, reqionda sülhün müdafiəsi, sərhədlərin pozulmaması, təhlükəsizliyin təmin edilməsi, terrorizmə qarşı mübarizə prinsipləri əsasında müəyyən edilsin.
       Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etdikdən, Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağ üzərində suverenliyini tanıdıqdan, onunla sülh müqaviləsi bağlandıqdan sonra hər iki dövlət arasında qarşılıqlı siyasi, iqtisadi və başqa münasibətlər yaradılsın və qurulsun. Ermənistan dövləti 1900-1907 - ci, 1915-1918-ci və sonrakı illərdə, o cümlədən 1988-1993-cü illərdə azərbaycan türklərini, başqa müsəlman xalqları kütləvi surətdə qətlə yetirdiklərinə, öz yurdlarından deportasiya etdiklərinə, törətdikləri qenosidə görə məsuliyyət daşısın.

Əziz həmvətənlər!
  Böyük Azərbaycan xalqının azadlığı, bütövlüyü, xöşbəxtliyi uğrunda ardıcıl, dönməz mübarizə aparan Milli Konqres Partiyası müqəddəs Azərbaycanın ədalətli, humanist, təhlükəsiz, sülhsevər, demokratik, zəngin bir ölkə olacağına əmindir, qətiyyətlidir və bu, milli hədəfləri mütləq gerçəkləşdirəcək.
      Əziz soydaşlar!
  Şanlı Azərbaycanın müqəddəs bayrağının rənglərinin mənaları olan türkləşmək, müasirləşmək, islamlaşmaq ideyaları bizi birləşdirir, gücləndirir və böyük milli hədəflərə doğru irəli aparır. Biz Azərbaycanın bütün vətənpərvər insanlarını müqəddəs vətənimizin tək qurtuluş yolu olan milli birliyin möhkəmləndirilməsi ilə bağlı Bəyannaməni müdafiə etməyə çağırırıq. Biz şərəfli, fədakar xalqımızla birgə, əzəmətli xalqımızla bir səslə bu müqəddəs bayrağın Azərbaycan üzərində əbədi olaraq dalğalanacağına, onun şərəfini qoruyacağımıza and içirik.



İXTİYAR ŞİRİN,
MİLLİ KONQRES PARTİYASININ SƏDRİ
Azərbaycan Respublikası, Bakı şəhəri.
05 Aprel 2002-ci il.



Комментариев нет:

Отправить комментарий