MİLLİ
KONQRES PARTİYASININ
PROQRAMI
Milli Konqres Partiyası hesab edir
ki, Azərbaycan türklərinin və minilliklər boyu onlarla birlikdə bu torpaqda
yaşayan xalqların dünyanın başqa xalqları kimi azad, firavan, təhlükəsiz və
xoşbəxt yaşamaq haqları var. Azərbaycanlılar bu haqlarını həyata keçirmək üçün
dünya birliyinin tanıdığı qaydalar çərçivəsində yaşamalı və mübarizə
aparmalıdırlar. Milli Konqres Partiyası millətimizi gələcəyə bu yolla aparacağını
bildirir.
Milli Konqres Partiyası hesab edir
ki, ümummilli problemlərin həll edilməsi üçün milli gücümüz başlıca hədəflərə
yönəldilməlidir. Partiya bu məqsədlə milli dəyərlərə, müsavatçılıq düşüncəsinə əsaslanan
siyasi ideologiyaya arxalanaraq “İnsanlara hürriyyət, millətlərə istiqlal” və
“Bir millət – bir dövlət”şüarlarında ortaya qoyulan siyasi – fəlsəfi dəyərlərə əsaslanacaq.
Milli Konqres Partiyası “Bir millət –
bir dövlət” şüarları ilə Güney Azərbaycanın istiqlalı, itirilən Azərbaycan
torpaqlarının – Qarabağın, Qərbi Azərbaycanın, Dərbəndin qaytarılması ilə Azərbaycanın
bütövləşməsi ideyasını mədəni bir düşüncədən siyasi məfkurəyə çevirməyi zəruri
hesab edir, Azərbaycanın siyasi, iqtisadi və mədəni bütövlüyünün millətimizin
inkişaf və təhlükəsizliyinin başlıca qarantı olduğunu bəyan edir.
Milli Konqres Partiyasının
ideologiyası milli düşüncəni təşkil edən ideyalardır. Həmin ideyalar bunlardır :
1. İstiqlalçılıq. Azərbaycan xalqı Birləşmiş Millətlər Təşkilatının
“Vətəndaş və siyasi haqlar haqqında Beynəlxalq pakt”ında müəyyən edilən millətlərin
öz müqəddəratını təyinetmə hüququ əsasında öz müstəqil dövlətini qurmaq haqqına
malikdir. Azərbaycan Respublikası tarixi Azərbaycan torpaqlarının bir hissəsində
qurulan, ancaq bütün azərbaycanlıların dövlətidir.
2. Cümhuriyyətçilik.
Azərbaycan dövləti öz formasına görə Cümhuriyyətdir (Respublikadır). Prezidentli
Respublika Azərbaycan dövlətini daha qüvvətli, azad və demokratik, özünü yaşadabilmə
imkanı verə bilən bir dövlət forması kimi təşəkkül tapmalıdır.
3. Demokratiya.
Azərbaycan Respublikası demokratik bir dövlətdir. Dövlət hakimiyyətinin
mənbəyi Azərbaycan xalqıdır.
4. Azadlıq.
Azərbaycan Respublikasında insanlar azad yaşamalıdırlar. Birləşmiş Millətlər
Təşkilatının “İnsan haqları bəyannaməsin”də, “Vətəndaş və siyasi haqlar
haqqında” Beynəlxalq Paktında, digər beynəlxalq sənədlərdə və Azərbaycan
Respublikasının Konstitusiyasında nəzərdə tutulan insan haqları və
azadlıqlarının qorunması təmin edilməlidir.
5. Sosial ədalət.
Azərbaycan Respublikası sosial dövlət olmalı, mükəmməl azad bazar
iqtisadiyyatından faydalanaraq sosial
bazar iqtisadiyyatını əsas hədəf kimi götürməlidir. Xüsusi mülkiyyətin inkişafı
və müdafiəsi ilə yanaşı az gəlirli vətəndaşların sosial təminatı dövlətin
başlıca vəzifələrindən biri olmalıdır.
6. Türkçülük.
Azərbaycan Respublikası türklərin digər qardaş xalqlarla bir Vətəndə
yaşadığı bir dövlətdir. Azərbaycan Respublikası türklüyə mənsub bir ölkə olduğu
üçün digər türk ölkələri ilə milli-mədəni bağlılığa malikdir. Bu bağlılıq Azərbaycan
dövlətinin və xalqının təhlükəsizliyinin təmin edilməsinə, iqtisadi inkişafa və
mədəni yüksəlişə əlavə imkanlar yaradır.
7. Millətçilik.
Bu ideyanın əsası olan vətənpərvərlik milli istiqlalın əldə edilməsi,
dövlət qurulması, Vətənin müdafiə edilməsi və təhlükəsizliyinin qorunması, ölkənin
inkişaf etdirilməsi üçün milləti birləşdirən və səfərbər edən düşüncədir.
8. Azərbaycançılıq.
Bu ideya Azərbaycan xalqının müstəqilliyə, unitarlığa və bütövlüyə söykənən
vətənsevərliyidir.
9. İslamçılıq.
Azərbaycan xalqının əxlaq və mənəviyyatının formalaşmasında önəmli yeri
olan islam dini Azərbaycan milli və mədəni düşüncəsinin ayrılmaz hissəsidir,
millətin bütövlüyünü və birliyini mühafizə edən amillərdən biridir. İslam dini
Azərbaycanı islam dünyası ilə bağlayan körpüdür. İslam digər dinlərə humanist
yanaşma və dözümlülük təlqin edən din kimi müxtəlif dinlərə etiqad edən
insanların birgə yaşayışını və əməkdaşlıq etmələrini təbliğ edir.
10. Dünyəvilik.
Azərbaycan Respublikası dünyəvi dövlətdir. Din və dövlət bir-birinin
işinə qarışmamalıdır. Dövlət vicdan azadlığına və azad dini fəaliyyətə təminat
verməlidir.
Bu düşüncələrin
daşıyıcısı olan Milli Konqres Partiyasının qarşısına qoyduğu hədəflər
aşağıdakılardır :
1. Azərbaycanın demokratik dövlət
quruculuğu və inkişafı, vətəndaşların haqq və azadlıqlarının qorunması. Azad və
demokratik seçkinin keçirilməsinin hakimiyyətə gəlməyin yeganə yol olduğu
düşüncəsinin formalaşdırılması, seçmə və seçilmə haqqı ilə demokratik seçki ənənələrinin
yaradılması, ölkənin idarə edilməsi işində hüququn üstünlüyü prinsiplərinin təmin
edilməsi.
2. Ölkənin məqsədyönlü iqtisadi
inkişafının milli iqtisadi inkişaf proqramı əsasında aparılması, ölkənin elm, təhsil,
kadr, maliyyə potensialının bu istiqamətə yönəldilməsi. Qısa, orta və uzunmüddətli
inkişaf proqramlarını qəbul edib ölkənin iqtisadi yüksəlişini təmin etmək və
dünya ilə inteqrasiyasına nail olmaq. İlk on ildə milli gəlirin adambaşına düşən
payının beş min ABŞ dollarına çatdırılması.
3. Azərbaycanın iş adamlarının xüsusi
təşəbbüsünün ölkənin iqtisadi inkişafına cəlb edilməsi və onlara dövlət güzəştinin
edilməsi.
4. Milli sərvətlərdən səmərəli istifadənin
təşkil edilməsi, israfçılığa yol verilməməsi.
5. Xəzər neft siyasətinin və Böyük İpək
yolu siyasətinin Azərbaycanın iqtisadi, sosial və siyasi inkişafında aparıcı əhəmiyyətini,
bu siyasətin Azərbaycanın dünya qarşısındakı tarixi missiyalarından biri
olduğunu nəzərə alaraq onun həyata keçirilməsinin dönməzliyinin təmin edilməsi.
6. Ölkənin özünü təmin edə bilən səviyyəyə
gətirilməsi, kəndli təsərrüfatına dövlət güzəşti edərək modern kənd təsərrüfatı
və heyvandarlığın yaradılması.
7. Sabit və az gəlirlilərin vəziyyətinin
yaxşılaşdırılması, şəhid ailələrinin və əlillərin maddi və mənəvi vəziyyətinin
yaxşılaşdırılması.
8. Qaçqınların tez vaxtda öz
torpaqlarına qaytarılması üçün görülən işlərin gücləndirilməsi ilə yanaşı,
onların sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılması. İşğaldan azad ediləcək
torpaqların iqtisadi və sosial bərpası.
9. Azərbaycanı müasir inkişaf etmiş
ölkələr səviyyəsinə gətirmək üçün iqtisadiyyatda beynəlmiləl inteqrasiyaya nail
olub ictimai inkişafın milli əsaslar üzərində qurulması.
10. Milli
ordunun, təhlükəsizlik orqanlarının və polisin işinə milli qayğı göstərilməsi,
bu təşkilatların üzərinə düşən vəzifələri yerinə yetirmələri üçün lazım olan şəraitin
yaradılması.
11. Ermənistanın
silahlı təcavüzü nəticəsində işğal edilən torpaqların azad edilməsi, Qarabağ
probleminin Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi prinsiplərinə uyğun
olaraq həll edilməsi. Bu problem Azərbaycanın milli mənafeyinə uyğun həll edilmədiyi
halda Milli Konqres Partiyası Qarabağ uğrunda mübarizəsini davam etdirəcək.
12. Güney
Azərbaycan türklərinin millətlərin öz müqəddəratını təyinetmə haqqı əsasında
müstəqil dövlət qurmaq hüququnun tanınması, Qərbi Azərbaycan torpaqlarının və Dərbəndin
qaytarılması, Azərbaycanın siyasi, iqtisadi və hüquqi bütövləşməsi.
13. Azad
Qafqaz evinin yaradılması, Qafqaz xalqlarının dostluq və sıx əməkdaşlıq şəraitində
inkişafının təmin edilməsi.
14. Azərbaycanın
Gürcüstanla strateji əməkdaşlığı çərçivəsində Borçalı azərbaycanlıları ilə mədəni,
iqtisadi və başqa əlaqələrin gücləndirilməsi.
15. Dünya
azərbaycanlıları ilə sıx əlaqələr yaradıb Azərbaycanın tarixinin və mədəniyyətinin tanınması
üçün beynəlxalq səviyyələrdə iş birliyinin və əməkdaşlığın yaradılması.
Siyasi təşkilat
olan Milli Konqres Partiyası öz məqsədlərini həyata keçirmək üçün Azərbaycan
Respublikası Konstitusiyası, “Siyasi partiyalar haqqında” Qanun və başqa
qanunların müəyyən etdiyi qaydalara uyğun siyasi fəaliyyət göstərir, Azərbaycana,
xalqımıza, hər bir vətəndaşa xidmət etməyi özünün əsas vəzifəsi sayır, hakimiyyəti
partiyanın məqsədlərinin həyata keçirilməsinin vasitələrindən biri hesab edir.
Yaşasın Azərbaycan!
Var olsun
millətimiz!
Azərbaycan
xalqına eşq olsun!
Комментариев нет:
Отправить комментарий