Azərbaycanın sabiq Baş
prokuroru İxtiyar Şirin Kəlbəcərin Ermənistan tərəfindən işğalından sonra Türkiyə Cümhuriyyətinin Ermənistanla quru və hava sərhədlərinin bağlanmasının təşkilatçılarından
biridir. O, 1993-cü ilin mart ayının sonları və aprelin ilk günlərində
Ermənistan və Rusiya silahlı qüvvələri tərəfindən Kəlbəcər işğal ediləndə
Azərbaycan Silahlı Qüvvələrinin gücsüzlüyünün şahidi oldu. . Hələ Kəlbəcərin
tam süqutu elan ediləndən bir-iki gün əvvəl İxtiyar Şirinə çox yaxın olan bir
şəxs hansısa yollarla Rusiyadan gətirdiyi Rusiyanın Azərbaycanın indiki işğal
edilən ərazilərimizdən daha geniş ərazinin erməni-rus silahlı qüvvələri
tərəfindən işğal edilməsi barədə planları ilə və bunu təsvir edən xəritə ilə
onu tanış etdi. Kəlbəcərdən gələn məğlubiyyət xəbərləri onu bu gördüklərinə
inandırdı. O, Azərbaycan hakimiyyətinin və ordunun bu işin öhdəsindən təkbaşına
gələ bilməyəciyini bildiyi üçün ona çox yaxın olan Türkiyə hökumətinə bağlı bir
nəfəri dərhal bu sənədlərlə Ankaraya vəziyyət barədə məlumat verməyə göndərir.
Ankaradan vəziyyətin Süleyman Dəmirələ məruzə edildiyini və İxtiyar
Şirinin dərhal oraya getməyinin zəruri olduğunu bildirdilər. O, prezident Əbülfəz
Elçibəyə bunlar barədə məlumat verib, Türkiyə ilə Azərbaycanın hazırkı
vəziyyəti barədə danışıqlar olduğunu bildirir. İxtiyar Şirin prezidentə
ölkənin durumu barədə Baş Bakan Süleyman Dəmirələ məruzə olunduğunu, danışıqlar
üçün onun Ankaraya dəvət edildiyini deyib. Əbülfəz bəy onun adından
danışmaq səlahiyyətini İxtiyar Şirinə verdikdən sonra Baş Prokuror dərhal Türkiyəyə
gedib. Onun əvvəllər Süleyman Dəmirəllə şəxsi tanışlığı da yox idi. O,
Türkiyəyə prezidentin adından gedirdi və orada deyiləcək sözlər də Azərbaycan
dövlətinin adından deyiləcəkdi. İxtiyar Şirin aprelin 3-də Ankaraya getmiş və
elə həmin gün də Süleyman Dəmirəllə görüşmüş, Azərbaycanın vəziyyəti, dövlətin,
o cümlədən silahlı qüvvələrin nələrə ehtiyacı olduğunu, ona bildirmişdir.
Söhbətdən dərhal sonra Azərbaycana yardımlarla bağlı ciddi işlər görülməyə
başlanmışdır. İlkin olaraq Süleyman Dəmirəl 5 aprel 1993-cü il tarixdə
bəyanatla çıxış edərək Ermənistanı dərhal işğal etdiyi Azərbaycan
torpaqlarından çəkilməsini tələb etdi, Türkiyənin Ermənistanla bütün quru və
hava sərhədlərinin bağlandığını elan etdi. Quru və hava sərhəddinin
bağlanmasının əsas səbəbi əsasən Türkiyənin hava və quru sərhədləri vasitəsi
ilə Amerika Birləşmiş Ştatlarından, bir sıra Avropa və ərəb ölkələrindən
Ermənistana terrorçu qüvvələrin, silah və sursatın daşınmasının qarşısını
almaq, həm də təcavüzkar dövlətin iqtisadi və siyasi blokadaya alınması idi.
Bundan başqa Türkiyə Silahlı Qüvvələri Ermənistanla sərhəddə irimiqyaslı hərbi
təlimlərə başladı. Bu da Türkiyə Silahlı Qüvvvələrinin Ermənistana "biz
hər şeyə hazırıq" mesajı idi. İşğalın qarşısını almaq üçün Türkiyə və Azərbaycan
arasında qurulacaq hərbi-siyasi münasibətlər barədə və ediləcək yardımlarla
bağlı Türkiyə və Azərbaycan arasında sazişlər və protokollar imzalandı. Bir
neçə gündən sonra Azərbaycana ordumuzun hərbi hazırlığını təşkil etmək üçün 175
yüksək hazırlıqlı türk zabiti göndərildi. Bu o dövr üçün, elə hazırkı dövr üçün
də ordu hazırlığı üçün çox böyük qüvvə idi. Bundan əlavə xeyli hərbi və tibbi
ləvazimatlar dalbadal təyyarələrlə Azərbaycana çatdırıldı. Bundan sonra Türkiyə
diplomatiyası da Ermənistanın təcavüzünə qarşı çox böyük həmlələr etməyə
başladı. Məhz bu dəstəyin nəticəsi idi ki, aprelin 28-də BMT Təhlükəsizlik
Şurasında Kəlbəcərin işğalıyla bağlı 822 saylı qətnamə qəbul olundu. Türk
zabitləri də Azərbaycana gələn kimi dərhal hərbi çağırış həyata keçirildi və 15
min sağlam, hərbiyə yararlı gənc türk zabitlərinin sərəncamına verildi. Onlara
çox güclü təlimlər keçitilməyə başlanıldı. Türkiyənin qərarı belə idi ki,
hər 3 aydan bir həmin türk zabitləri Azərbaycan ordusunun sərəncamına əlavə
olaraq 15 min döyüşə tam hazır, hərbi təlimlərdə sınaqdan çıxmış döyüşçü
verməliydi. İlkin olaraq 15 minlik döyüşə tam hazır qüvvələri oktyabr ayında
Azərbaycan Silahlı qüvvələri təhvil alacaqdı. Yüksək standartlara cavab verən
ordu hazırlanacaqdı. Bu ordu bir gündə 30-40 kilometr piyada, döyüşərək
irəliləməyə qadir olan ildırımsürətli bir qüvvəyə çevriləcəkdi. Nəticədə
Azərbaycan ordusu regionun bir nömrəli ordusu olacaqdı.
Ermənistan və Rusiya da bizim hazırlıqlarımızdan təlaşa
düşmüşdülər və 822 saylı qətnamədən sonra Ermənistan hökuməti Kəlbəcərin
sentyabrın əvvəllərində işğaldan azad ediləcəyinə razılıq verdilər. Ancaq
Rusiyanın, Ermənistanın və onların Azərbaycandakı agentlərinin birgə
hazırlayıb həyata keçirdikləri 4 iyun Gəncə qiyamı bütün planları pozdu. Gəncə
qiyamı Azərbaycanı demək olar ki, məhv etdi. Bu qiyamın ardından qısa müddətdə
Azərbaycanda Rusiyanın və Ermənistanın planları gerçəkləşməyə başladı. Düşmən
Ağdamı, Füzulini, Cəbrayılı, Zəngilanı və Qubadlını işğal etdi.
Hazırda isə Türkiyənin Ermənistanla sərhədlərinin açılması qarşılığında Ermənistandan nə az, nə çox- işğal etdiyi Azərbaycan ərazilərinin azad edilməsi tələb olunur.
Hazırda isə Türkiyənin Ermənistanla sərhədlərinin açılması qarşılığında Ermənistandan nə az, nə çox- işğal etdiyi Azərbaycan ərazilərinin azad edilməsi tələb olunur.