четверг, 3 сентября 2015 г.

“ İNSANLARA HÜRRİYYƏT, MİLLƏTLƏRƏ İSTİQLAL ”





MİLLİ KONQRES PARTİYASININ

PROQRAMI


            Milli Konqres Partiyası hesab edir ki, Azərbaycan türklərinin və minilliklər boyu onlarla birlikdə bu torpaqda yaşayan xalqların dünyanın başqa xalqları kimi azad, firavan, təhlükəsiz və xoşbəxt yaşamaq haqları var. Azərbaycanlılar bu haqlarını həyata keçirmək üçün dünya birliyinin tanıdığı qaydalar çərçivəsində yaşamalı və mübarizə aparmalıdırlar. Milli Konqres Partiyası millətimizi gələcəyə bu yolla aparacağını bildirir.

           Milli Konqres Partiyası hesab edir ki, ümummilli problemlərin həll edilməsi üçün milli gücümüz başlıca hədəflərə yönəldilməlidir. Partiya bu məqsədlə milli dəyərlərə, müsavatçılıq düşüncəsinə əsaslanan siyasi ideologiyaya arxalanaraq “İnsanlara hürriyyət, millətlərə istiqlal” və “Bir millət – bir dövlət”şüarlarında ortaya qoyulan siyasi – fəlsəfi dəyərlərə əsaslanacaq.

          Milli Konqres Partiyası “Bir millət – bir dövlət” şüarları ilə Güney Azərbaycanın istiqlalı, itirilən Azərbaycan torpaqlarının – Qarabağın, Qərbi Azərbaycanın, Dərbəndin qaytarılması ilə Azərbaycanın bütövləşməsi ideyasını mədəni bir düşüncədən siyasi məfkurəyə çevirməyi zəruri hesab edir, Azərbaycanın siyasi, iqtisadi və mədəni bütövlüyünün millətimizin inkişaf və təhlükəsizliyinin başlıca qarantı olduğunu bəyan edir.

         Milli Konqres Partiyasının ideologiyası milli düşüncəni təşkil edən ideyalardır. Həmin ideyalar bunlardır :

1.     İstiqlalçılıq.  Azərbaycan xalqı Birləşmiş Millətlər Təşkilatının “Vətəndaş və siyasi haqlar haqqında Beynəlxalq pakt”ında müəyyən edilən millətlərin öz müqəddəratını təyinetmə hüququ əsasında öz müstəqil dövlətini qurmaq haqqına malikdir. Azərbaycan Respublikası tarixi Azərbaycan torpaqlarının bir hissəsində qurulan, ancaq bütün azərbaycanlıların dövlətidir.

2.     Cümhuriyyətçilik.  Azərbaycan dövləti öz formasına görə Cümhuriyyətdir (Respublikadır). Prezidentli Respublika Azərbaycan dövlətini daha qüvvətli, azad və demokratik, özünü yaşadabilmə imkanı verə bilən bir dövlət forması kimi təşəkkül tapmalıdır.

3.     Demokratiya.  Azərbaycan Respublikası demokratik bir dövlətdir. Dövlət hakimiyyətinin mənbəyi Azərbaycan xalqıdır.

4.     Azadlıq.  Azərbaycan Respublikasında insanlar azad yaşamalıdırlar. Birləşmiş Millətlər Təşkilatının “İnsan haqları bəyannaməsin”də, “Vətəndaş və siyasi haqlar haqqında” Beynəlxalq Paktında, digər beynəlxalq sənədlərdə və Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulan insan haqları və azadlıqlarının qorunması təmin edilməlidir.

5.     Sosial ədalət.  Azərbaycan Respublikası sosial dövlət olmalı, mükəmməl azad bazar iqtisadiyyatından faydalanaraq  sosial bazar iqtisadiyyatını əsas hədəf kimi götürməlidir. Xüsusi mülkiyyətin inkişafı və müdafiəsi ilə yanaşı az gəlirli vətəndaşların sosial təminatı dövlətin başlıca vəzifələrindən biri olmalıdır.

6.     Türkçülük.  Azərbaycan Respublikası türklərin digər qardaş xalqlarla bir Vətəndə yaşadığı bir dövlətdir. Azərbaycan Respublikası türklüyə mənsub bir ölkə olduğu üçün digər türk ölkələri ilə milli-mədəni bağlılığa malikdir. Bu bağlılıq Azərbaycan dövlətinin və xalqının təhlükəsizliyinin təmin edilməsinə, iqtisadi inkişafa və mədəni yüksəlişə əlavə imkanlar yaradır.

7.     Millətçilik.  Bu ideyanın əsası olan vətənpərvərlik milli istiqlalın əldə edilməsi, dövlət qurulması, Vətənin müdafiə edilməsi və təhlükəsizliyinin qorunması, ölkənin inkişaf etdirilməsi üçün milləti birləşdirən və səfərbər edən düşüncədir.

8.     Azərbaycançılıq.  Bu ideya Azərbaycan xalqının müstəqilliyə, unitarlığa və bütövlüyə söykənən vətənsevərliyidir.

9.     İslamçılıq.  Azərbaycan xalqının əxlaq və mənəviyyatının formalaşmasında önəmli yeri olan islam dini Azərbaycan milli və mədəni düşüncəsinin ayrılmaz hissəsidir, millətin bütövlüyünü və birliyini mühafizə edən amillərdən biridir. İslam dini Azərbaycanı islam dünyası ilə bağlayan körpüdür. İslam digər dinlərə humanist yanaşma və dözümlülük təlqin edən din kimi müxtəlif dinlərə etiqad edən insanların birgə yaşayışını və əməkdaşlıq etmələrini təbliğ edir.

10. Dünyəvilik.  Azərbaycan Respublikası dünyəvi dövlətdir. Din və dövlət bir-birinin işinə qarışmamalıdır. Dövlət vicdan azadlığına və azad dini fəaliyyətə təminat verməlidir.

 Bu düşüncələrin daşıyıcısı olan Milli Konqres Partiyasının qarşısına qoyduğu hədəflər aşağıdakılardır :

1.     Azərbaycanın demokratik dövlət quruculuğu və inkişafı, vətəndaşların haqq və azadlıqlarının qorunması. Azad və demokratik seçkinin keçirilməsinin hakimiyyətə gəlməyin yeganə yol olduğu düşüncəsinin formalaşdırılması, seçmə və seçilmə haqqı ilə demokratik seçki ənənələrinin yaradılması, ölkənin idarə edilməsi işində hüququn üstünlüyü prinsiplərinin təmin edilməsi.

2.     Ölkənin məqsədyönlü iqtisadi inkişafının milli iqtisadi inkişaf proqramı əsasında aparılması, ölkənin elm, təhsil, kadr, maliyyə potensialının bu istiqamətə yönəldilməsi. Qısa, orta və uzunmüddətli inkişaf proqramlarını qəbul edib ölkənin iqtisadi yüksəlişini təmin etmək və dünya ilə inteqrasiyasına nail olmaq. İlk on ildə milli gəlirin adambaşına düşən payının beş min ABŞ dollarına çatdırılması.

3.     Azərbaycanın iş adamlarının xüsusi təşəbbüsünün ölkənin iqtisadi inkişafına cəlb edilməsi və onlara dövlət güzəştinin edilməsi.

4.     Milli sərvətlərdən səmərəli istifadənin təşkil edilməsi, israfçılığa yol verilməməsi.

5.     Xəzər neft siyasətinin və Böyük İpək yolu siyasətinin Azərbaycanın iqtisadi, sosial və siyasi inkişafında aparıcı əhəmiyyətini, bu siyasətin Azərbaycanın dünya qarşısındakı tarixi missiyalarından biri olduğunu nəzərə alaraq onun həyata keçirilməsinin dönməzliyinin təmin edilməsi.

6.     Ölkənin özünü təmin edə bilən səviyyəyə gətirilməsi, kəndli təsərrüfatına dövlət güzəşti edərək modern kənd təsərrüfatı və heyvandarlığın yaradılması.

7.     Sabit və az gəlirlilərin vəziyyətinin yaxşılaşdırılması, şəhid ailələrinin və əlillərin maddi və mənəvi vəziyyətinin yaxşılaşdırılması.

8.     Qaçqınların tez vaxtda öz torpaqlarına qaytarılması üçün görülən işlərin gücləndirilməsi ilə yanaşı, onların sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılması. İşğaldan azad ediləcək torpaqların iqtisadi və sosial bərpası.

9.     Azərbaycanı müasir inkişaf etmiş ölkələr səviyyəsinə gətirmək üçün iqtisadiyyatda beynəlmiləl inteqrasiyaya nail olub ictimai inkişafın milli əsaslar üzərində qurulması.

10.  Milli ordunun, təhlükəsizlik orqanlarının və polisin işinə milli qayğı göstərilməsi, bu təşkilatların üzərinə düşən vəzifələri yerinə yetirmələri üçün lazım olan şəraitin yaradılması.

11.   Ermənistanın silahlı təcavüzü nəticəsində işğal edilən torpaqların azad edilməsi, Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi prinsiplərinə uyğun olaraq həll edilməsi. Bu problem Azərbaycanın milli mənafeyinə uyğun həll edilmədiyi halda Milli Konqres Partiyası Qarabağ uğrunda mübarizəsini davam etdirəcək.

12.   Güney Azərbaycan türklərinin millətlərin öz müqəddəratını təyinetmə haqqı əsasında müstəqil dövlət qurmaq hüququnun tanınması, Qərbi Azərbaycan torpaqlarının və Dərbəndin qaytarılması, Azərbaycanın siyasi, iqtisadi və hüquqi bütövləşməsi.

13.   Azad Qafqaz evinin yaradılması, Qafqaz xalqlarının dostluq və sıx əməkdaşlıq şəraitində inkişafının təmin edilməsi.

14.   Azərbaycanın Gürcüstanla strateji əməkdaşlığı çərçivəsində Borçalı azərbaycanlıları ilə mədəni, iqtisadi və başqa əlaqələrin gücləndirilməsi.

15.   Dünya azərbaycanlıları ilə sıx əlaqələr yaradıb Azərbaycanın tarixinin və mədəniyyətinin tanınması üçün beynəlxalq səviyyələrdə iş birliyinin və əməkdaşlığın yaradılması.

             Siyasi təşkilat olan Milli Konqres Partiyası öz məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikası Konstitusiyası, “Siyasi partiyalar haqqında” Qanun və başqa qanunların müəyyən etdiyi qaydalara uyğun siyasi fəaliyyət göstərir, Azərbaycana, xalqımıza, hər bir vətəndaşa xidmət etməyi özünün əsas vəzifəsi sayır, hakimiyyəti partiyanın məqsədlərinin həyata keçirilməsinin vasitələrindən biri hesab edir.

Yaşasın Azərbaycan!

Var olsun millətimiz!

Azərbaycan xalqına eşq olsun!