вторник, 11 августа 2015 г.

​"BAŞ NAZİR VƏZİFƏSİ MƏNƏ TƏKLİF OLUNDU, QƏBUL ETMƏDİM"




İxtiyar Şirin: “Prezident Administrasiyasından dəvət gəlsə, dialoqda iştirak edəcəm”

“Müsavat və AXCP-yə məsləhət görərdim ki...”

“Əbülfəz Elçibəy, İsa bəy, Pənah bəy gecə saat 12 idi, məni zəng edib çağırdılar. Əbülfəz bəy dedi ki, qərara almışıq ki, Baş nazir vəzifəsini sənə təklif edək...”

Avqustin 1-də Klassik Xalq Cəbhəsi partiyası (KXCP) özünün III Qurultayını keçirdi. Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında baş tutan qurultayda bir çox tanınmış ictimai-siyasi xadimlər, deputatlar, media təmsilçiləri və s. iştirak ediblər. Bəzi mətbu orqanlar yazır ki, keçmiş Baş prokuror, Milli Konqres Partiyasının sədri ixtiyar Şirinin qurultaydakı çıxışı cəbhəçilər tərəfindən etirazla qarşılanıb. Belə ki, Baş prokuror olduğu dönəmdə prezident Əbülfəz Elçibəyin həbsinə sanksiya verdiyi iddia olunan İxtiyar Şirin səhnəyə çıxan zaman, yerdən etiraz əlaməti olaraq “Ən böyük Elçibəy!” şüarları səslənib və hətta fit çalanlar da olub.
Odur ki, İxtiyar bəylə müsahibəmizdə ilk olaraq KXCP-nin qurultayına kim tərəfindən çağırıldığını və ona qarşı etirazların nə dərəcədə əsaslı olduğunu aydınlaşdırmağa çalışdıq:
- Mirmahmud bəy mənə telefonla zəng etdi, xahiş elədi ki, KXCP-nin qurultayında iştirak edim. Mən də ona iştirak edəcəyim barədə məlumat verib, təyin olunan gündə qurultayda iştirak etmişəm.

-Bəzi mətbu orqanlarda qurultayda çıxış edən zaman Sizə qarşı şüarlar səsləndirildiyi bildirilir...

-Köhnə cəbhəçilərlə mənim münasibətim çox yüksək səviyyədədir. Xüsusilə, KXCP-nin üzvləri ilə mənim çox gözəl münasibətim var və bu qurultayda da oraya gedərkən məni çox gözəl qarşıladılar. Qurultayda da ikinci olaraq mənə söz verdilər. Mən qonaq kimi durub çıxış elədim və KXCP üzvlərinin, köhnə cəbhəçilərin Azərbaycanın müstəqillik qazanmasında, azadlıq əldə etməsində, suverenliyinin möhkəmləndirilməsində rolundan danışdım. Bu, yəni onlar haqqında dediyim sözlər də qurultay iştirakçıları tərəfindən çox yaxşı qarşılandı. Onlar məni alqışladılar və təbii ki, “Elçibəy!” deyə şüarlar da səsləndirdilər. Mən də onlara qoşularaq “Var olsun Elçibəy!” sözünü işlətmişəm. Hesab edirəm ki, onların mənə münasibətində və mənim ordakı iştirakımda o qəzetdə yazılan heç bir hadisə baş verməyib.


“ELÇİBƏYİN HƏBSİLƏ BAĞLI SAXTA SANKSİYANI ƏLİ ÖMƏROVLA NEMƏT PƏNAHOV TƏRTİB ETMİŞDİ”


-Amma bəzi elçibəyçilər, köhnə cəbhəçilər arasında hələ də belə bir fikir var ki, siz Baş prokuror olaraq prezident Əbülfəz Elçibəyin həbsinə sanksiya vermisiniz...

- Bu məsələ yekunlaşıb. Bununla bağlı mən Əli Ömərovu məhkəməyə verdim. Həmin məhkəmə qətnaməsini də sizə verərəm, əgər istəsəniz. Və həmin məhkəmədə Əli Ömərov mənim belə bir sanksiya verdiyim barədə dediklərini sübut edə bilmədi. Çünki həqiqətən də belə bir sanksiya yoxdur. Buna görə də məhkəmə Əli Ömərovun dediklərini yalan, doğru olmayan məlumat hesab etdi və ona 500 manat da cərimə cəzası verdi. Yəni bu məsələ məhkəmə vasitəsilə yükunlaşıb. Ona görə də mənə qarşı deyilən bu haqsız iradlara cavab verməkdən yorulmuşam. Bununla bağlı məhkəmənin qətnaməsi var ki, Elçibəyin həbsinə İxtiyar Şirinov heç bir sanksiya verməyib.

-O halda bu informasiya hardan qaynaqlanmışdı, bunun yayılmasına səbəb nə idi?

-Bu informasiya 1993-cü il 4 iyun Gəncə çevrilişindən sonra Əli Ömərovun və çevrilişdə işitrak edən digər şəxslərin hakimiyyətdə olanları, xüsusilə də məni ləkələmək üçün irəliyə atdıqları bir böhtan, yalan idi. Adamları da buna inandırmaq üçün özlərinin tərtib etdikləri saxta sanksiyanı camaata göstərirdilər ki, İxtiyar Şirin Əbülfəz Elçibəyin həbsinə sanksiya verib.

-Həmin saxta sənədi Əli Ömərov tərtib etmişdi?

- Bəli, Əli Ömərov Nemət Pənahovla birlikdə tərtib etmişdi. Bunu Nemət Pənahov etiraf etdi. “Azadlıq” qəzetində, “Yeni Müsavat” qəzetində onun müsahibələri getdi ki, bəli, həmin sanksiyanı mən, Əli Ömərov, Surət Hüseynov və digərləri bir yerdə tərtib etdik...

- Sizcə, həmin vaxt bu məsələnin arxasında daha ciddi fiqur dayanmırdı? Məsələn, Heydər Əliyevin burda rolu, göstərişi olmuşdu?

- Mən deyə bilmərəm. O barədə mənim heç bir məlumatım yoxdur.


“SURƏT HÜSEYNOVLA ETİBAR MƏMMƏDOV ARASINDA HANSISA İŞBİRLİYİ VAR İDİ"


-1993-cü il qiyamından söhbət düşmüşkən, səhv etmirəmsə, bu qiyamla bağlı müsahibələrinizin birində Etibar Məmmədovu da ittiham etmişdiniz...

- Etibar bəy həmin qiyamda iştirak etdiyini inkar etmir ki. Özü indi də təsdiq edir. Ancaq bunu onunla əsaslandırır ki, guya xalqın xeyrinə olan hərakat olub, ona görə onu dəstəkləyib. Yəni Etibar Məmmədov özü həmin qiyamda iştirakını heç vaxt inkar etməyib.

- Belə aydın olur ki, həmin dönəmdə Etibar Məmmədovla Surət Hüseynovun münasibəti olub...

- Vallah, mən sizə bir şey deyim də... Bu münasibətələr yəqin ki, olub. Çünki bizim hakimiyyətimiz dövründə - 1992-ci ilin sonunda Surət Hüseynov, Etibar Məmmədov, Rəhim Qazıyev və bir neçə başqa hakimiyyətdə olan şəxslər görüşüb, bir yerdə müzakirə keçiriblər. Orda Pənah Hüseynov, İsa Qəmbər və bir neçə başqa şəxs olub. Həmin vaxt Surət Hüseynov belə bir təklif irəli sürüb ki, Etibar Məmmədov baş nazir gətirilsin. Bu təklifin özü göstərir ki, onlar arasında müəyyən münsibət, müəyyən bir müzakirə olub ki, bu təkliflə hakimiyyətdə olanların yanına gəliblər.

- Cavab nə olub?

- Sonradan bu təklif hakimiyyət dairələrində mənsiz müzakirə olunub, təbii ki, qəbul olunmayıb. Bu məsələ, bu söz-söhbətin özü də hakimiyyətdə müəyyən yer tutmaq üçün Surət Hüseynovla Etibar Məmmədov arasında hansısa bir işbirliyini göstərən faktlardan biridir. Mən bu cür düşünürəm.

- Maraqlıdır, həmin dönəmdə aparılan gizli müzakirələrdə Baş prokuror olaraq siz niyə iştirak etməmisiniz?

- Mən o məsələlərə qarışmırdım. Siyasi hakimiyyətin, müəyyən yüksək vəzifələrin bölüşdürülməsi ilə bağlı məsələlərdə mən iştirak etmirdim. Baxmayaraq ki, mən Baş prokuror işləyərkən Azərbaycan Respublikasının Baş naziri olmaq vəzifəsi mənə təklif olundu, mən onu qəbul etmədim.

- Kim tərəfindən təklif olundu?

- Əbülfəz Elçibəy tərəfindən. İsa bəy, Pənah bəy də oturmuşdular, gecə saat 12 idi, məni zəng edib çağırdılar. Əbülfəz bəy dedi ki, qərara almışıq ki, Baş nazir vəzifəsini sənə təklif edək. Mən qəbul etmədim.

- Nə üçün?

- Ona görə qəbul etmədim ki, mən təzə baş prokuror getmişdim, orda görülməli işlər çox idi, onu yarımçıq qoyub başqa bir işə getmək Azərbaycan dövləti üçün lazımsız bir şey idi.

- Həmin vaxt Pənah bəy baş nazir deyildi?

- Xeyir. Pənah bəy ondan sonra baş nazir oldu. Və hakimiyyətin sonuna qədər də işlədi.

- Bəlkə də bu sualı mətbuatda dəfələrlə cavablandırmısınız. Amma bu gün üçün hələ də qaranlıqdır ki, Elçibəy nə üçün hakimiyyəti tərk etdi, bunun başqa alternativi yox idimi?

- Mən hesab edirəm ki, bunun başqa heç bir alternativi yox idi. İndi deyirlər ki, hakimiyyət kreslosunu, vəzifəsini qoydu getdi. Amma Əbülfəz Elçibəy burda qalsaydı, ola bilsin ki, onu öz kabinetindən, öz iqamətgahından qovmaq üçün daha dəhşətli hadisələr baş verə bilərdi. Rəhmətlik Elçibəy bunların hamısını əvvəlcədən gördü və doğru da qərar qəbul etdi.

- Hesab edirsiniz ki, bu məsələdə Elçibəy komandasındakı vəzifəsinə, millətinə dönük insanların varlığı da ciddi rol oynadı?

- Rəhmətlik Elçibəy yəqin götür-qoy edib, görüb ki, üsyançılara qarşı qoya biləcək ciddi bir qüvvə yoxdur. Dönüklər çox oldu. Həmin dövrdə mən Gəncədə girov saxlanılırdım, adını həbs qoymuşdular, burda gedən proseslərin içində deyildim. Sonradan əldə etdiyim məlumatlardan belə çıxır ki, öz imkanları yox idi, vəzifəsini qoyub gedənlər də olub, dönüklər də çıxıb, Əbülfəz Elçibəyin kadrlarından yeni gələn hakimiyyətlə işbirliyinə gedənlər olub və s. Ona görə də, hesab edirəm ki, Əbülfəz bəy doğru qərar qəbul edib. Azərbaycanı çox ciddi bir fəlakətin içinə sürükləməmək üçün Bakını tərk edib, Naxçıvana gedib.

- Həmin dönəmdə Sizin vəzifədən alınmanız, həbsiniz nə dərəcədə qanuni idi? Səhv etmirəmsə, bununla bağlı məhkəməyə də müraciət etmişdiniz...

- Bilirsiniz, vəzifədən getmək məsələsi siyasi məsələdir. Əsası olsa da, olmasa da... Onsuz da hakimiyyət dəyişir, bunun üçün də digər vəzifəli şəxslərin dəyişilməsi labüd idi, baxmayaraq ki, hüquqi cəhətdən doğru deyildi. Çünki baş prokur 5 illiyinə təyin olunur və o, 5 il müddətində öz vəzifəsini yerinə yetirməlidir. Amma 5 il müddətdən qabaq məni vəzifədən götürmək üçün guya Gəncədə qan tökmüşük, Surət Hüseynova guya qanunsuz sanksiya verilib və s. bu cür iddialar irəli sürdülər və o konteksdə məni vəzifədən kənarlaşdırdılar. Bu günə kimi də mənim haqqımda cinayət işi gedir, artıq 22 ildir. Amma o cinayət işini nə məhkəməyə verən var, nə də başqa bir nəticəsi yoxdur.

- Sizə qarşı bu ittihamların irəli sürülməsində konkret kimin rolu oldu? Burada kim maraqlı idi?

- O hakimiyyətin devrilməsində maraqlı olanların hamısı. Çünki mən dövlət çevrilişinə qarşı çıxmışdım. Onlar hesab edirdilər ki, dövlət çevrilişinə qarşı çıxanların hamısı ya məhv olunmalıdır, ya sıradan çıxarılmalıdır, başqa yolu yoxdur.

- Səhv etmirəmsə, 2010-cu ildə öz hüquqlarınızı müdafiə etmək üçün məhkməyə müraciət etmişdiniz... 

- Bəli. O əmək hüququ ilə bağlı idi, Baş prokuror vəzifəsi ilə bağlı deyildi. Yəni məni prokurorluq işçisi kimi qanunsuz olaraq işdən çıxarmışdılar. Lakin məhkəmələr bundan imtina etdilər.

- Siz təkrar vəzifəyə qayıtmaq istəyirdiniz?

- Qayıtmaq istəmirdim. Söhbət mənim ora qayıtmağımdan getmir. Mənim nə işim var orda? Sadəcə olaraq mən baş vermiş qanunsuz qərarın ləğv olunmasını tələb edirdim, amma məhkəmələr buna baxmaqdan imtina etdilər.

- Nəyi əsas gətirdilər?

- Onu əsas gətirdilər ki, guya məhkəməyə vaxtında müraciət olunmayıb. Amma mən vaxtında müraciət etmişdim. Yəni mənə əmr nə vaxt təqdim olunmuşdusa... Çünki məni əmrlə tanış etməmişdilər. Qanuna görə, hər hansı bir işçi işdən çıxarılarkən, o, əmrlə tanış olmalıdır. Ondan sonra onun 1 ay müddətində şikayət etmək hüquq var. 1993-cü ildən 2009-cu ilə kimi bu əmrlə məni tanış etməmişdilər. Mən çox çətinliklə 2009-cu ildə o əmri ala bildim və ondan sonra mənim şikayət hüququm yarandı. Aldım ki, görüm məni nə adla çıxarırlar. Baxdım gördüm ki, ad da qoymayıblar. Heç bir şey qoya bilməyiblər, elə-belə işdən çıxarıblar, “Ali Sovetin filan qərarına əsasən işdən çıxarılsın”. Amma buna baxmaqdan imtina etdilər ki, guya, vaxtında məhkəməyə müraciət etməmişəm.

- İşə baxılmamasının əsas səbəbi nə idi?

- İşə baxmamağın əsas səbəbi o idi ki, məhkəmədə onlar mənim işdən çıxarılmağımın səbəbini əsaslandıra bilməyəcəkdilər. Heç bir əsasları yox idi. Yəni o qanunsuz qərarı əsaslandırmaq üçün əllərində bir arqument olmadığına görə də baxmaqdan imtina etdilər. Məsələ bu yerdədir. Ali Məhkəməyə kimi getdim, hamısı eyni fikirdə qaldılar ki, baxmaq olmaz, təhlükəlidir.

- Adətən hakimiyyət rəsmiləri kadr çatışmazlığından şikayətlənirlər. O halda Sizin kimi kadrın imkanlarından nə üçün yararlanmaq istəmirlər?

- Belə bir şey hal-hazırda müzakirə də olunmur. Nə hakimiyyət deməyib ki, İxtiyar Şirin kimi kadra ehtiyacımız var, nə də mən belə bir məsələni gündəliyə gətirməmişəm. İndi çalışırıq ki, daha çox siyasətlə məşğul ola bilək və öz imkanlarımızı, potensialımızı bu istiqamətə yönəldək. Onun üçün də görək şərait olacaqmı? Amma konkret dövlət məmuru işləmək mənim də məqsədim deyil.

- Siyasi fəaliyyətinizlə bağlı nə kimi yenilik var? 

- Milli Konqres Partiyasının fəaliyyətini gücləndirmək istəyirik. Qurultaya da hazırlaşırıq. Çalışırıq ki, qurultayımızı keçirib, partiyamızın qarşısında duran vəzifələri bir-bir dəqiqləşdirək və işlərimizi gücləndirək.

- Milli Konqres müxalif partiya kimi fəaliyyət göstərir?

- Təbii ki, müxalif partiyadır. Azərbaycanda bir hakimiyyət partiyası var, qalan partiyalar əslində müxalifət partiyası olmalıdır.

- Azərbaycanda illərdir oturuşmuş müxalifət var, lakin xalqın bu qüvvəyə inamı yoxdur. Siz belə bir vəziyyətdə prosesdən çıxış yolunu necə görürsünüz?

- Prosesdən çıxş yolunu bu gün söyləmək çox çətindir. Çünki vəziyyət doğrudan da mürəkkəbdir. Amma mən hesab edirəm ki, heç olmasa müxalifətdə olan siyasi partiylar öz aralarında müəyyən bir dialoqmu deyək, əməkdaşlıqmı, fəaliyyət birliyimi deyək, nə isə bir işbirliyi qurmağa çalışmalıdırlar. Özü də bu işbirliyi, əməkdaşlıq elə hakimiyyətə qarşı qurulan işbirliyi, əməkdaşlıq kimi olmamalıdır. Bu işbirliyi, bu əməkdaşlıq Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və s. bütün sahələri ilə bağlı siyasi partiyaların ayrılıqda, birgə görməli olduqları işlər nədən ibarətdir, o sahələrlə bağlı olmalıdır. Bu işləri, problemləri müzakirə etməlidirlər, həlli yollarını axtarıb tapmağa çalışmalıdırlar. Yəni ən azı cəmiyyətə bu məsələlərlə bağlı müəyyn fikirlərin, ideyaların olduğunu, partiyaların bu barədə siyasətinin olduğunu çatdırmağa çalışmalıdırlar. Cəmiyyətin içərisində özlərini yaşatmaq üçün partiyalar bu fəaliyyətlə məşğul olmalıdırlar. Və hakimiyyətə də təklif etmək lazımdır ki, bu işi bu cür görsən daha yaxşı olar, hakimiyyətin nöqsanları budur, səhv gördüyü işlər bunlardan ibarətdir və bu səhvləri, bu yanlışları düzəltmək üçün hansı işləri görmək lazımdır. Qarşıdan parlament seçkilər gəlir. Azərbaycanın siyasi həyatında ən vacib məsələlərədn biri parlament seçkiləridir. Siyasi partiyalar seçki ilə bağlı ən azı bir yerə toplaşıb, hansısa müzakirələr aparmalıdırlar. Amma çox təəssüf ki, bunu etmək mümkün olmur.

- Sizcə, buna səbəb nədir?

- Mən səbəbini dəqiq deyə bilmərəm. Amma hər halda bu lazım olan bir məsələdir. Səbəbini dəqiq deyə bilmərəm, çünki bilmirəm bu məsələlər nədən qaynaqlanır...

- Siz müxalifətin birliyi ilə bağlı hansısa təşəbbüs etmisiz?

- Yox, təşəbbüs etməmişəm. Ancaq vəziyyət elədir ki, partiyaların bu gün bu vəziyyətlə bağlı birgə hansısa müzakirə aparmasının mümkünlüyü də yoxdur, sıfır dərəcəsindədir. Çünki mövqelər, münasibətlər çox fərqlidir. Halbuki mövqe və münasibət bir olmalıdır – Azərbaycanda demokratik seçkilərin keçirilməsi. Hamı buna çalışmalıdır. Bununla bağlı müzakirələr getməlidir. Amma bugünkü gün bəzi partiyalar digər partiyalardan şübhələnir, başqaları başqa cür mansibət bildirirlər, kimi deyir kimlərsə hakimiyyətlə dialoqa gedib nəyisə qazanmaq istəyir və s. Yəni belə-belə söhbətlər gəzdiyinə görə, bu partiyaların bir yerə yığılıb, hansısa bir məsələni müzakirə etməsi çox çətin, müşkül bir işə dönüb.

- Yeri gəlmişkən, dialoq məsləsinə Sizin münasibətiniz necədir?

- Mən normal baxıram buna. Amma çalışmaq lazım idi ki, bu dialoqda Azərbaycanda qeydiyyatda olan bütün partiyalar iştirak etsin. Bir hissəsini dialoqa çağırıb, digər hissəni dəvət erməmək, hesab edirəm ki, elə görülən işin özünə müəyyən şübhə yaradır. Ki, bu niyə belədir, bir hissəsi orda oturub, bir hissəsi yoxdur. Amma 40-50-yə qədər qeydiyyatda olan partiya var, onların fəaliyyətinin hansı səviyyədə olmasından asılı olamayaraq, hamısına dəvət göndərilməli idi. Çünki onların hamısının seçkidə iştirak etmək hüquqları var. Qeydiyyatdan keçmiş partiyaların hər birinin seçkidə iştirak etmək hüququ var. Onun imkanı nə qədərdir, qoyulmalıdır qırağa, o hakimiyyətlik iş deyil. Amma hüququ olan partiyaların hamısı ora dəvət olunmalı idi.

- Növbəti dəfə konkret olaraq Sizə dəvət gəlsə, iştirak edəcəksiniz?

- Əlbəttə iştirak edəcəm. Niyə iştirak etməyim?! Çünki biri var qıraqdan danışasan, biri də var gedib orda iştirak edib, problem haqqında öz fikrini deyəsən ki, bax budur. Qəbul etməsələq, sonra deyərsən ki, mən dedim, qəbul etmədilər. Amma qıraqda durub şikayət etməyin bu işə bir xeyri yoxdur. Əgər dəvət edəcəklərsə, hamı iştirak etməlidir, o cümlədən Müsavat Partiyası da, Xalq Cəbhəsi Partiyası da.  Mən məsləhət görərdim ki, iştirak etsinlər, sözlərini desinlər.


“PARLAMENT SEÇKİLƏRİNİN DEMOKRATİK KEÇİRİLƏCƏYİNƏ İNANMIRAM”


- Qeyd etdiyiniz kimi, qarşıdan parlament seçkiləri gəlir. Seçkilərə qatılmaq fikriniz varmı?

- Təbii ki, seçkilərə qatılmaq fikrimiz var. İndi neçə namizədlə, mən deyə bilmərəm. Seçkilərlə bağlı adamların gözü o qədər qorxub ki... Gedib seçkidə iştirak edib, sonra o qədər çətinliklər içərisində qalırlar ki... Əslində Azərbaycan kimi yeni yaranmış bir dövlətdə, seçkilərdə partiyaların, yaxud da müstəqil namizədlərin iştitrakı müəyyən formatda maliyyələşməlidir. Adamlar gedib son imkanlarını seçkiyə verir, lap səs qazansa da, o səsləri rəsmiləşdirə bilmirlər və seçkidən çox məyus halda çıxırlar. Və ikinci dəfə o seçkilərə heç qatılmaq da istəmirlər. Hamı bizim kimi deyil ki, 1 dəfə, 2 dəfə, 3 dəfə, qatılsın, yorulmasın. Adamlar yorulurlar. Ona görə də neçə namizədlə qatılacağımızı dəqiq bilmirəm, amma seçkilərdə iştirak etmək fikrimiz var. Əgər hesab etsək ki, doğrudan da bu seçkilər hakimiyyət tərəfindən normal, demokratik keçirilməyə çalışılacaq...

- İnanırsız buna?

- Mən inanmıram. İndi deyirsiz, dəvət olunsanız gedəcəksiniz, amma mən dəvət olunacağıma da inanmıram. Çünki orda artıq dairə müəyyənləşib ki, kimlər olacaq. Amma dəvət olunsam, gedəcəm. 

Daşqın Nuriyev, 
"Hürriyyət"