понедельник, 2 января 2017 г.

İNDİ AZƏRBAYCANIN QARŞISINDA BİR NEÇƏ YOL VAR...



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan torpaqlarının Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsi və Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün Azərbaycanın gedə biləcəyi ən böyük güzəşti elan etdi. İlham Əliyev bildirdi ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində "Dağlıq Qarabağ Muxtar Respublikası" statusu verilə bilər. Mən düşünmürdüm ki, Ermənistan hakimiyyəti bu təklifi canla-başla qəbul edib, toy-bayram edəcək. Ancaq Azərbaycan torpaqlarının işğalını birbaşa həyata keçirmiş sabiq prezident Levon Ter Petrosyanın rəhbərlik etdiyi partiyanın qurultayındakı məruzəsində Azərbaycanla sülhə getməyin və işğal edilmiş torpaqların qaytarılmasının vacibliyi barədə bəyanatları da Ermənistan hakimiyyəti tərəfindən ciddi qarşılanmadı və Ermənistan prezidenti Sərkisyan bu bəyanatları hansısa siyasətçinin versiyası kimi adlandırdı. Bu hadisələrdən çox keçməmiş Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ ərazilərindən çox uzaqda olan Tovuz rayonu ərazisinə hücumu və burada baş verən döyüş, verilən qurbanlar Ermənistan hakimiyyətinin Azərbaycan torpaqlarının işğalı ilə bağlı niyyətlərindən geri çəkilmədiyini, bu torpaqları Ermənistan ərazisinə qataraq anneksiya etmək niyyətində olduğunu çox aydın göstərdi. 

Elə buna görə də Ermənistan hakimiyyətinin məqsədi, aprel provakasiyasında olduğu kimi, sərhəddə silahlı münaqişə yaradıb Azərbaycanı bu insidentdə günahlandırmaq, bunu bəhanə edib sülh danışıqlarından imtina etmək, heç olmasa daha uzaq bir müddətə təxirə salmaqdır. İndi Azərbaycanın qarşısışnda bir neçə yol var. Bunlardan biri Ermənistanın ərköyün işğalçı tələblərinə boyun əyərək, onun bu niyyətlərini həyata keçirməsi ilə razılaşmaqdır. Bu, Minsk qrupunun məqsədlərinə də çox uyğundur. İkinci yol Suriyanın ərazi bütövlüyü məsələsində razılığa gəlməyi bacarmış Rusiya və Türkiyənin Qarabağ probleminin də eyni prinsip əsasında, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi ilə bağlı sülh sazişi bağlanmasına nail olmaq üçün edə biləcəkləri bir təşəbbüs ola bilər. Rusiya Ermənistan tərəfdən, Türkiyə isə Azərbaycan tərəfdən təminatçı ölkə kimi çıxış edə bilərlər. Əgər bu da baş verməsə, yaxud Ermənistan tərəfindən bu təkliflər qəbul edilməsə, üçüncü yol düşməni işğal etdiyi əraziləri tərk etməyə məcbur etməkdir. Azərbaycan da Ermənistanın ərköyünlüyünə boyun əyməyəcəyini elan edib və birinci yol Azərbaycanın qəbul edəcəyi bir yol deyil. Azərbaycanın və Ermənistanın seçə biləcəkləri iki yol qalır. Bir az da səbr etsək bu yolların hansının seçiləcəyi də məlum olacaqdır.

среда, 6 апреля 2016 г.

MİLLİ KONQRES PARTİYASININ AZƏRBAYCAN TORPAQLARININ ERMƏNİSTAN İŞĞALINDAN AZAD EDİLMƏSİ VƏ QARABAĞ KONFLİKTİNİN HƏLLİ İLƏ BAĞLI İKİNCİ PROQRAMI




MİLLİ KONQRES PARTİYASININ
AZƏRBAYCAN TORPAQLARININ ERMƏNİSTAN
İŞĞALINDAN AZAD EDİLMƏSİ VƏ QARABAĞ
KONFLİKTİNİN HƏLLİ İLƏ BAĞLI
İKİNCİ PROQRAMI

PROQRAMIN QURULUŞU

                                                            I.      BÖLMƏ
      I.            Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının və Qarabağ konfliktinin XX yüzillikdə tarixi______________________________səh.1-8

                                                                            II.      BÖLMƏ
   II.            Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və Qarabağ konfliktinin Azərbaycanın milli mənafeyinə uyğun həll edilməsi üçün görülməli işlər______səh.9-15

1.   Konfliktin dinc vasitələrlə həlli yolu__________səh. 9

2.   Ölkədə milli birliyin, siyasi həmrəyliyin gücləndirilməsi, milli gücün səfərbər edilməsi__________səh. 9-10

3.    Azərbaycanın müdafiə gücünün artırılması, təhlükəsizliyinin qorunması ilə bağlı görülməli işlər______səh. 10-11

4.   ATƏT – in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik missiyası ilə bağlı Azərbaycanın siyasəti________səh. 11

5.   Konfliktin dinc vasitələrlə həll edilməsi prinsipləri______________________________səh. 11-15

6.   Təcavüzkara qarşı görülməli olan tədbirlər__________səh. 15
MİLLİ KONQRES PARTİYASININ AZƏRBAYCAN TORPAQLARININ ERMƏNİSTAN İŞĞALINDAN AZAD EDİLMƏSİ VƏ QARABAĞ KONFLİKTİNİN HƏLLİ İLƏ BAĞLI
İKİNCİ PROQRAMI

                                                                                                                                                                                            I.            BÖLMƏ

AZƏRBAYCAN TORPAQLARININ ERMƏNİSTAN TƏRƏFİNDƏN İŞĞALININ VƏ QARABAĞ KONFLİKTİNİN XX YÜZİLLİKDƏ TARİXİ

                     Ermənilərin Azərbaycan torpaqlarını ələ keçirmək, bu ərazilərdə öz dövlətlərini qurmaq planlarının bir neçə yüzillik tarixi var. Rusiya imperiyası Yaxın və Orta Şərqi, o sıradan Qafqazı, Azərbaycanı işğal etmək, bölgənin sərvətlərini mənimsəyərək siyasi, iqtisadi gücünü artırmaq, Rusiyanı dünya dövlətinə şevirmək planlarını gerçəkləşdirmək məqsədi ilə bu işdə fəal iştirak edən erməniləri tarixi Azərbaycan torpaqlarına, ayrıca İrəvan mahalına, Qarabağın dağlıq bölgəsinə köçürərək, məskunlaşdırmışdır.
                     1918-ci il may ayının 27-də Azərbaycanın İrəvan mahalının bir hissəsində yaradılan, Azərbaycan şəhəri olan İrəvanı öz paytaxtı elan edən Ermənistan hökuməti ingilis missiyasının nümayəndəsi, polkovnik Temperlinin sorğusuna cavab olaraq 1914-cü il vəziyyətində Rusiya dövlətinin bu ərazilərini Ermənistanın tərkib hissəsi hesab etdiyini bildirib:
                                                        I.            Bütün İrəvan quberniyası
                                                      II.            Bütün Qars vilayəti
                                                    III.            Tiflis quberniyasının aşağıdakı dairələri:
                      1.  Axalkalak uyezdinin iki hissəsi a) Tapatsxur gölündən şimala – Qori  uyezdinin Borjomi kənd cəmiyyətinin hissəsindən Tsxra-Tsqaro hövzəsini ayıran silsilə dağlara qədər olan hissələr; b) Axalkalak uyezdinin şimal-şərqdə yerləşən Borçalı uyezdinin Tsalko adlanan hissəsi (onun qərb hissəsi). Bu sektorun qərb hissəsi – Qolidağ dağının zirvəsini Arqevan dağının şərqinin yeddi verstliyindəki xətlə birləşdirən yer. 2. Borçalı uyezdinin şimalı Sqrikar dağından başlayan, Xram çayının axarı ilə dəmir yolunadək gedən xəttə qədər: Bolnis-Xoçen və Şulaver sərhəddən cənubda qalır.
                                                   IV.            Yelizavetpol quberniyasının bir hissəsi:
1)    Qazax uyezdinin cənubu: Qulp-Uzuntala və Qulani sərhəddən cənubda qalır.
2)    Yelizavetpol uyezdinin cənub hissəsi: Çardaxlı və Çaykənd (Qetaşen) sərhəddən cənubda qalır.
3)    Cavanşir uyezdinin cənub-qərb hissəsi. Tərtər Ermənistandan kənarda qalır.
4)    Şuşa uyezdinin qərb hissəsi: Ağdam və Qacar kəndləri Ermənistandan kənarda qalır.
5)    Vəng, Hadrut, Egerli və Arakel kəndləri ilə Karyagin (Cəbrayıl) uyezdinin bir hissəsi.
6)    Zəngəzur uyezdi, uyezdin cənub-qərbində yerləşən Kirsat dağı, Şahverdilər kəndi və Araz çayının kənarında yerləşən Ağbili stansiyası istisna olmaqla.

Bu dövrdən başlayaraq Ermənistan iddia etdiyi torpaqları işğal etmək üçün başladığı mübarizəni ayrı-ayrı yollarla gerçəkləşdirməyə çalışıb. Azərbaycan Xalq Cümhuriyyətinin Silahlı Qüvvələri Ermənistanın işğalçı ordusunu Qarabağın dağlıq bölgəsindən və Zəngəzurdan çıxardıqdan sonra, Dağlıq Qarabağ ermənilərinin 1919 -cu il avqust ayının 15- də Şuşikənddə keçirilən 7-ci qurultayı Azərbaycan Respublikası hökuməti ilə müvəqqəti sazişin şərtləri ilə bağlı qətnamə qəbul etdi. Bu qurultayın müvəkkil etdiyi şəxslər və erməni kilsəsinin nümayəndələri Qarabağın general-qubernatoru Xosrovbəy Sultanovla danışıqlara başladılar. Danışıqlar nəticəsində razılaşdırılan saziş layihəsi Dağlıq Qarabağ ermənilərinin 7 -ci Qurultayında 1919-cu il avqust ayının 19-da təsdiq edildi. 1919-cu il avqust ayının 22-də Şuşa şəhərində Qarabağın general-qubernatoru Xosrovbəy Sultanovla Qarabağın dağlıq bölgəsində yaşayan ermənilər arasında bu saziş bağlandı:
              ▪”Qarabağın dağlıq hissəsinin taleyinin sülh konfransında həll ediləciyini, hər bir toqquşmanın Qarabağda yaşayan xalqlar üçün fəlakət gətirdiyini, Qarabağ məsələsinin hər hansı həllindən asılı olmayaraq ermənilər və müsəlmanların bir yerdə yaşamalı olacaqlarını nəzərə alaraq Azərbaycan hökuməti ilə müvəqqəti sazişin aşağıdakı şərtləri üzərində dayanıldı:
                §1.   Bu müvəqqəti sazişi tərəflər məsələnin sülh konfransında həll edilməsinə qədər qəbul edir.
                §2.   Qarabağın Şuşa, Cavanşir və Cəbrayıl uyezdlərinin ermənilər yaşayan dağlıq hissəsi (Dizaq, Varanda, Xaçen və Carabert) özlərinin müvəqqəti Azərbaycan Respublikasının tərkibində hesab edir.  
       §5.   Qarabağ general-qubernatorunun yanında altı üzvdən – üç erməni və üç müsəlmandan ibarət Şura yaradılır.
                §7.   Millətlərarası xarakterli bütün prinsipial məsələlər əvvəlcədən Şurada edilmədən gerçəkləşdirilə bilməz.
                §12. Qarabağ erməniləri mədəni özünütəyinetmə haqqından yararlanır.
                §14. Azərbaycan Respublikası hökuməti erməni milli şurasının fəaliyyətinə müvəkkil etdiyi ermənilər vasitəsilə nəzarət edir.
                §17. Siyasi inancına görə heç kim məhkəmə və inzibati qaydada təqib edilə bilməz.
                §20. Azərbaycan Respublikası hökuməti Qarabağ əhalisinə talan edilən müsəlman və erməni kəndlərinin tezliklə bərpa edilməsi üçün maddi və mənəvi dəstək verir.
                §24. İndiyə kimi baş vermiş millətlərarası toqquşmalarda iştirakına görə heç kim təqib edilmir.
                §25. Bu saziş Qarabağ ermənilərinin 7-qurultayı qəbul etdiyi vaxtdan qüvvəyə minir.
                §26. Bu saziş hər bir şəraitdə: fövqəladə, hərbi və s.qüvvədə qalır”.
                Azərbaycan Respublikasının hökuməti Qarabağın dağlıq bölgəsində yaşayan ermənilərin 7-ci qurultayının aşağıdakı təkliflərini qəbul etmədi, bu təkliflər saziş layihəsindən çıxarıldı:
                §3.   “Şuşa, Cavanşir, Cəbrayıl uyezdləri Qarabağ general-qubernatorluğunun xüsusi inzibati vahidi kimi ayrılır. Dağlıq erməni zolağında azlığın hüquqlarına əməl edilməklə idarəçilər ermənilərdən təyin edilməlidir.
                §4.   Qarabağın dağlıq hissəsində (Dizaq, Varanda, Xaçen və Carabert) idarələrin vəzifəli şəxsləri erməni şuraları üzvlərinin təqdimatına əsasən təyin edilirlər.
                §6.   Şuranın erməni üzvləri Dağlıq Qarabağın erməni əhalisinin qurultayında seçilir. Qurultay şura üzvlərini yenidən seçə bilər.
                §8.   General-qubernatorluğun qurulmasında və idarə edilməsində şuranın təşəbbüs hüququ var.
                §10. General-qubernatorun mülki məsələlərə dair köməkçi vəzifəsi təsdiq edilir, bu vəzifəyə erməni təyin edilir.
                §11. Erməni qurultayı Azərbaycan hökumətinə mülki məsələlərə dair köməkçi vəzifəsinə iki namizəd təqdim edir, onlardan biri bu vəzifəyə təyin edilir.
                §13. Mədəni özünütəyinetmə haqqı Qarabağ erməni milli şurası tərəfindən Qarabağ ermənilərinin vaxtaşırı çağırılan qurultayından seçilən erməni hökumətinin müvəkkilləri vasitəsi ilə gerçəkləşdirilir. Qurultayı milli şura çağırır.
                §15. Hərbi hissələr sülh dövrü tərkibi haqqında Xankəndində və Şuşada yerləşdirilir.
                §16. Qarabağın ermənilər yaşayan dağlıq zolağında – Şuşa, Cavanşir, Cəbrayıl uyezdlərində hərbi hissələrin hər bir hərəkəti şura üzvlərinin 3/2-nin razılığı ilə edilə bilər.
                §18. Siyasi motivlərə getməyə məcbur olmuş ermənilərin hamısının  öz yerlərinə qayıtmaq hüququ var.
                §19. Qarabağda erməni və müsəlman əhalisinin tərkisilah edilməsi Qarabağ məsələsi sülh konfransında həll edilənə qədər dayandırılır.
               Qeyd:   Tərkisilah bütün Azərbaycan üzrə elan edildiyinə görə onun dayandırılmasından söz gedə bilər.
                §21. Millətlərarası münasibətləri daha yaxşı nizamlamaq üçün şura tərəfindən vaxtaşırı ümumi yerli erməni-müsəlman qurultayları çağırılır.
                §22. Birləşmək, söz və mətbuata tam azadlıq. Toplaşmalara isə hərbi dövr (vəziyyət) olduğu üçün Azərbaycan Respublikasının müvafiq idarələri tərəfindən icazə verilir.
                §23. Ümumi məhkəmə aidiyyatından Azərbaycan Respublikasının Dövlət Müdafiə Komitəsinin 11 iyun 1919-cu il tarixli məcburi qərarı ilə çıxarılan hüquq pozuntuları və cinayət hərəkətləri istisna olunmaqla, hər bir fərdi və vəzifəli şəxslərin hər hansı bir təqsiri məhkəmə qaydasında təsdiq edilir”.
                Azərbaycan Demokratik Respublikası yarananda bu dövlətin sərhədləri Bakı və Yelizavetpol (Gəncə) quberniyalarının sərhədləri əsasında qurulmuşdur. Azərbaycan Demokratik Respublikası arsında sərhəd xətti aşağıdakı qaydada keçirdi: Qazax və Borçalı, Aleksandropol və Yeni-Bəyazit qəzalarının arasındakı inzibati sərhəd xətti boyu Maralidikis dağına qədər, Göyçə gölünün ortası ilə, sonra gölün cənub-şərq sahilindən başlayan dağ silsiləsindən cənub-qərb istiqamətində davam edərək, İrəvan və Yeni-Bəyazit qəzalarının sərhəddindəki kiçik Ah dağına qədər, sonra isə qərb istiqamətində Kərinçay çayına, çayla aşağı davam edərək, Yuxarı Ağbaş kəndinə qədər çatırdı. Daha sonra sərhəd xətti Türk-Rus sərdəddinədək, Qayıdır dağına qədər davam edirdi (Xəritə proqrama artırılır).
                1920-ci ilin aprel ayının 28-də Rusiyanın 11-ci qızıl ordusu Azərbaycanı işğal etdikdən sonra Azərbaycan Kommunist Partiyasının siyasi və təşkilat bürolarının 1920-ci il 30 noyabr tarixli birgə iclasında Ermənistanda Sovet hakimiyyətinin elan edilməsi münasibəti ilə Zəngəzurun Ermənistana verilməsi, Qarabağın dağlıq hissəsinə özünütəyinetmə hüququ verilməsi haqqında heç bir siyasi, hüquqi və tarixi əsası olmayan qərar qəbul edildi. Qarabağın dağlıq hissəsinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi ilə bağlı Rusiya KP (b) Mərkəzi Komitəsinin Qafqaz bürosunun pleniumunun 1921-ci il 4 iyul tarixli iclasında Orcenikidze, Myasnikov, Fiqatper, Kirov və Nazaretyanın səsləri ilə siyasi, hüquqi və tarixi əsası olmayan qərar Qafqaz bürosu pleniumunun 5 iyul 1921-ci il tarixli İ.Stalinin iştirakı ilə keçirilən iclasında 4 nəfərin lehinə, 3 nəfərin bitərəf səs verməsi ilə ləğv edildi. Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılmaqla ona geniş vilayət muxtariyyəti verildi.
                 Azərbaycan Mərkəzi İcariyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli dekreti ilə Dağlıq Qarabağın ermənilər yaşayan bölgəsində Azərbaycan SSR-in tərkib hissəsi kimi mərkəzi Xankəndi olmaqla muxtar vilayət yaradıldı. Vilayətin idarəçilik orqanları kimi Vilayət İcraiyyə Komitəsi və yerli Sovetlər formalaşdırıldı.
                1929-cu ildə Zaqafqaziya Mərkəzi İnqilab Komitəsinin qərarı ilə Naxçıvanın 567 kvadratkilometr ərazizi – Şərur qəzasının Qurdulaq, Xaçik, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyyəsinin Şahbuz nahiyyəsinin Oğbin, Ağxaç, Almalı, İtqıran,Sultanbəy kəndləri, Ordubad qəzasının Qorçevan kəndi, Kilid kəndinin torpaqlarının bir hissəsi Ermənistana verildi. 1930-cu illərdə isə Əllərə, Lehvaz, Astazur, Nüvədi və başqa yaşayış məntəqələri ermənilərə verilərək bu ərazidə Mehri rayonu yaradıldı.
               Azərbaycan SSR-nin 1978-ci il Konstitusiyasının DQMV-nə həsr olunan 9-cu fəsli, 83 və 84-cü maddələrinə görə: “Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-nin tərkibindədir,DQMV haqqında qanun DQMV-nin təqdimi ilə Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul edilir”.
               Dağlıq Qarabağ Muxtar Vilayətinin təqdimi ilə Azərbaycan SSR Ali Sovetinin 1981-ci il 16 iyun tarixli Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında qəbul etdiyi Qanunda Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-nin tərkib hissəsi olduğu bir daha təsdiq edilir.
               Bu qanun:
               ▪ 2-ci maddəsinə görə DQMV-nin hüquqi vəziyyəti bu qanunla müəyyən edilir;
               ▪ 3-cü maddəsinə görə vilayətin ərazisi DQMV Xalq Deputatları Sovetinin razılığı olmadan dəyişdirilə bilməz, muxtar vilayətin inzibati ərazi quruluşu məsələləri Muxtar vilayətin müvafiq orqanlarının rəyi nəzərə alınmaqla həll edilir;
               ▪ 6-cı maddəsinə görə Azərbaycan SSR Ali Sovetinin müavinlərindən biri DQMV-dən seçilir.
              DQMv-nin Xalq Deputatları Soveti bu qanunun:
               ▪ 10-cu maddəsinə görə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə ilə seçilir;
               ▪ 13-cü maddəsinə görə öz ərazisində dövlət, təsərrüfat və sosial-mədəni quruculuğa rəhbərlik edir; iqtisadi və sosial inkişaf planlarına, muxtar vilayətin büdcəsini və onun icra edilməsi haqqında hesabatları təsdiq edir; ona tabe olan dövlət orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara rəhbərlik edir; kolxozlara, digər kooperativ təşkilatlarına və onların birliklərinə dövlət rəhbərliyini təmin edir; ölkənin müdafiə qabiliyyətinin möhkəmlənməsinə çalışır; dövlət və ictimai qaydaların, vətəndaşlarının hüquqlarının mühafizəsini təmin edir. Muxtar vilayətin ərazisində xidmət edən idarə və təşkilatlar vilayətin tabeçiliyindədir.


               Azərbaycan SSR Ali Sovetinin 1981-ci il 16 iyun tarixli Qanununun 15-ci maddəsinə görə DQMV XDS-i Vilayətinin aşağı XDS-nin fəaliyyətinə rəhbərlik edir, onların fəaliyyətini istiqamətləndirir.
               ▪ 16-cı maddəsi planlaşdırma, maddi-texniki təchizat sahəsində;
               ▪ 17-ci maddəsi büdcə-maliyyə işləri sahəsində;
               ▪ 18-ci maddəsi qiymətqoyma sahəsində;
               ▪ 19-cu maddəsi sənaye sahəsində;
               ▪ 20-ci maddəsində tikinti, şəhərsalma və arxitektura sahəsində;
               ▪  21-ci maddəsi aqrar-sənaye kompleksinə rəhbərlik sahəsində;
               ▪  22-ci maddəsi təbiətin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində;
               ▪  23-cü maddəsi yol təsərrüfatı sahəsində;
               ▪ 24-cü maddəsi nəqliyyat və rabitə sahəsində;
               ▪  25-ci maddəsi mənzil, kommunal təsərrüfatı və abadlaşma sahəsində;
               ▪  26-cı maddəsi ticarət və ictimai iaşə sahəsində;
               ▪  27-ci maddəsi məişət xidməti sahəsində;
               ▪  28-ci maddəsi xalq təhsili və elm sahəsində;
               ▪  29-cu maddəsi mədəni-maarif işi və incəsənət sahəsində;
               ▪  30-cu maddəsi səhiyyə sahəsində;
               ▪  31-ci maddəsi bədən tərbiyəsi və idman sahəsində;
               ▪  32-ci maddəsi əmək, əmək ehtiyatlarında istifadə və kadrların hazırlanması sahəsində;
               ▪  33-cü maddəsi sosial təminat sahəsində;
               ▪  34-cü maddəsi sosialist qanunçuluğunun təmin edilməsi, dövlət və ictimai qaydaların, vətəndaşların hüquqlarının müdafiəsi, xalq nəzarətinin gerçəkləşdirilməsi sahəsində;
               ▪  35-ci sahəsi müdafiə işləri sahəsində;
               ▪ 36-cı maddəsi seçkilərin təşkil edilməsi sahəsində;
               ▪ 37-ci maddəsi dövlət mükafatları ilə təltif etmək sahəsində DQMV XDS-nin səlahiyyətlərini göstərib.

Bu qanun:
              
               ▪ 63-cü maddəsinə görə DQMV XDS-i 5 il müddətinə vilayət məhkəməsini seçir;
               ▪   64-cü maddəsinə görə DQMV-də məhkəmə icraatı muxtar vilayətin dilində (erməni dilində) və ya Azərbaycan dilində, ya da bu yerin əksər əhalisinin dilində aparılır.

Qanun:
   
               ▪  61-ci maddəsinin məzmununa görə DQMV XDS-nin İcraiyyə Komitəsinin şöbə və idarələrini vilayət soveti yaradır, öz  fəaliyyətlərində DQMV XDS-nə, onun icraiyyə komitəsinə, habelə Azərbaycan SSR dövlət idarəetmə orqanlarına tabedirlər.
               Bu qanunun 65-ci maddəsinə görə DQMV-nin prokurorunu SSR Baş prokuroru təyin edir. SSR İttifaqı Prokurorluğu haqqında əsasnaməyə görə DQMV-nin prokurorunu Azərbaycan SSR prokurorunun təqdimatı ilə SSR Baş Prokuroru təyin edir.
               Azərbaycan SSR-nin 1978-ci ildə qəbul edilən Konstitusiyasının 177-ci maddəsinə görə DQMV prokurorunu SSR Baş prokuroru, vilayətin rayon və şəhər prokurorlarını isə Azərbaycan SSR Prokuroru təyin edir.
               Qanunun 67-ci maddəsinə görə Dağlıq Qarabağ Muxtar Vilayəti hüquqi şəxsdir.
               Bu qanunun 68-ci maddəsinə görə Dağlıq Qarabağ Muxtar Vilayətinin xalq deputatları Sovetinin sessiyası keçirilən dövrdə sessiyanın keçirildiyi binanın üstündə Azərbaycan SSR-nin Dövlət bayrağı qaldırılır, Vilayət Soveti İcraiyyə Komitəsinin binasının üstündə isə Azərbaycan SSR Dövlət bayrağı kimi qaldırılır.
               1988-ci ildən SSR dövlətinin və Ermənistan SSR-nin Azərbaycana qarşı başladığı açıq təcavüzkarlıq siyasətinin nəticəsi olaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin XX çağırış Xalq Deputatları Sovetinin növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR-nin tərkibindən Ermənistan SSR-nin tərkibinə verilməsi haqqında Azərbaycan SSR və  Ermənistan SSR Ali Sovetləri qarşısında vəsadət haqqında” 1988-ci il 20 fevral tarixli qərar qəbul etdi. Bu qərara görə DQMV-nin zəhmətkeşlərinin istəyini nəzərə alaraq Azərbaycan SSR Ali Sovetindən xahiş edilirdi ki, Dağlıq Qarabağın erməni əhalisinin istəyi doğru başa düşülsün, DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında məsələ həll edilsin. Eyni zamanda DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR-nin tərkibinə verilməsi haqqında məsələnin müsbət həll edilməsi haqqında SSR İttifaqı Ali Soveti qarşısında vəsadət qaldırsın.
               DQMV xalq deputatları Sovetinin1988-ci il 12 iyul tarixli sessiyası “Dağlıq Qarabağ Muxtar Vilayətinin əksər əhalisinin dövlət iradəsini ifadə edərək və millətlərin öz müqəddaratını təyinetmə hüququnun gerçəkləşdirilməsi zərurətinə əsaslanaraq yaranmış vəziyyəti nəzərə alıb” Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-nin tərkibindən çıxarılması haqqında Azərbaycan SSR Konstitusiyasının və SSR Konstitusiya tələblərinə zidd qərar qəbul etdi. Bu qərarda DQMV-nin Ermənistan SSR-nin tərkibinə daxil edilməsinin SSR İttifaqı zəhmətkeşləri və xalqı tərəfindən başa düşüləcəyi arzu edilir.DQMV icraiyyə komitəsinə Dağlıq Qarabağ Muxtar Vilayətinin adının dəyişdirilərək “Arsax erməni muxtar vilayəti” qoyulması haqqında vəsadət qaldırılması tapşırılır.
               Ermənilərin Azərbaycana qarşı ərazi iddialarını təsdiq edən bu qərarları Ermənistan SSR açıq müdafiə etdi. Azərbaycan SSR-nin ali dövlət orqanlarının, Azərbaycan xalqının etirazlarına baxmayaraq, 1988-ci il dekabr ayının 5-də Ermənistan SSR Ali Sovetini və Dağlıq Qarabağ Milli Şurası Ermənisatan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında hüquqi əsası olmayan qərar qəbul etdilər. Ermənistan SSR ali dövlət orqanı bu qərarı ilə Azərbaycana qarşı ərazi iddiasını rəsmən bəyan etdi.
               Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağın Milli Şurasının Ermənistan SSR ilə Dağlıq Qarabağın birləşməsi haqqında hüquqi əsası olmayan qərarının mətnində bu bəndlər var:
               “Millətlərarası öz müqəddaratını təyinetmə kimi ümumbəşəri prinsipləri əsas tutaraq və erməni xalqının zorla bölünmüş hissələrinin qanuni birləşmək istəyinə cavab olaraq Ermənistan SSR Ali Sovetini və Dağlıq Qarabağın Milli Şurası qərar alırlar:
1.    Ermənistan SSR Ali Soveti DQMV-nin Vilayət Sovetinin sessiyalarının 1988-ci il 20 fevral və 12 iyul tarixli qərarları ilə, eləcə də vilayət əhalisinin səlahiyyətli nümayəndələrinin Qurultayının 1988-ci il 16 avqust tarixli, Milli Şurasının 1988-ci il 19 oktyabr tarixli iclasının qərarları ilə təsdiq edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin öz müqəddaratını təyinetmə faktını tanıyır.
2.    Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın səlahiyyətli nümayəndələrinin Qurultayını və bu Qurultay tərəfindən seçilmiş Milli Şurasını vilayətdə hazırda fəaliyyət göstərən qanuni hakimiyyət orqanları kimi tanıyır.
3.    Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağın Milli Şurası Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsini bəyan edir. Dağlıq Qarabağ əhalisinə Ermənistan SSR vətəndaşlarının hüquqları şamil edilir.
4.    Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağın Milli Şurası Ermənistan SSR ilə Dağlıq Qarabağın birləşməsini təmin etmək yönündə praktik addımların işlənməsi üçün xüsusi işçi aparatına malik birgə komissiya yaradırlar.
5.    Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağın Milli Şurası Şaumyan rayonun və Şimali Artsaxın – Getaşenin altı kəndinin erməni əhalisinin milli maraqlarının ifadə ediləcəyinə təminat verirlər.
6.    Ermənistan SSR Ali Sovetinə, Ermənistan SSR Nazirlər Kabinetinə və DQMV-nin Milli Şurasının Rəyasət Heyətinə tapşırılsın ki, Ermənistan SSR və Dağlıq Qarabağın siyasi, iqtisadi, mədəni strukturlarının bütöv sistem şəklində cəmləşməsi ilə bağlı bu qərardan irəli gələn zəruri tədbirlərin həyata keçirilməsini təmin etsinlər”.

                Erməniləri müdafiə edən SSR İttifaqı Ali Soveti  Rəyasət Heyətinin 1989-cu il 12 yanvar tarixli fərmanı ilə DQMV-nin Azərbaycan SSR tərkibində muxtar vilayət statusunun saxlanılması təsdiq edilsə də vilayətdə müvəqqəti “xüsusi idarəetmə” forması olaraq A. Volskinin sədrliyi ilə Dağlıq Qarabağ Muxtar vilayətinin Xüsusi İdarəetmə Komitəsi taradıldı. DQMV-nin xalq deputatlarının Sovetinin səlahiyyəti Sovetə yeni seçkilərə qədər dayandırıldı, Dağlıq Qarabağ Muxtar Vilayətinin Xüsusi İdarəetmə Komitəsi birbaşa SSR İttifaqı  Ali dövlət hakimiyyəti və idarəçilik orqanlarına tabe edilərək DQMV-nin prokurorluq və məhkəmə orqanlarından başqa bütün dövlət, təsərrüfat təşkilatları Azərbaycan SSR-nin idarəçiliyindən çıxarıldı.
               1988-ci ildən ermənilər Qarabağın dağlıq bölgəsinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana birləşdirilməsi üçün açıq mübarizəyə başladılar. Ermənistan SSR-nin siyasi və dövlət rəhbərliyi, DQMV-nin erməni rəhbərliyi, onların bütün dövlət strukturları, siyasi, ictimai təşkilatları, qanunsuz yaradılan erməni silahlı dövlətləri Ermənistan SSR-də və Qarabağın dağlıq bölgəsində öz tarixi torpaqlarında yaşayan Azərbaycan türklərinə silahlı basqınlar etməyə, soyqırım siyasətinə gerçəkləşdirməyə, Azərbaycan türklərini Qərbi Azərbaycandan, Qarabağın dağlıq bölgəsindən qovmağa başladılar. 1988-ci ildə 250.000 (iki yüz əlli min) Azərbaycan türkü Qərbi Azərbaycandan, öz tarixi torpaqlarından zor gücünə çıxarıldı, deportasiya edildi. Ermənilər məqsədlərini gerçəkləşdirmək üçün minlərlə türkü qətlə yetirdilər, yaraladılar, onların yaşadıqları evləri yandırdılar, bütün var-dövlətlərini qarət etdilər.
                1991-ci il noyabr ayının 20-də Azərbaycan dövlət adamlarının, hərbiçilərinin mindiyi vertolyotu erməni silahlı qüvvələri vurduqdan, vertolyotda olan dövlət adamları, hərbiçilər qətlə yetirdikdən sonra Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 26 noyabr tarixli qərarı ilə Dağlıq Qarabağın vilayət statusu ləğv edildi.
                Qarabağın dağlıq bölgəsinə Ermənistandan, başqa ölkələrdən gətirilən erməni silahlı dəstələri bu ərazidə Azərbaycan hakimiyyət nümayəndələrinə, Azərbaycan türklərinə qarşı terror hərəkətləri törətməyə, Azərbaycan türklərinin yaşadığı kənd, qəsəbə və şəhərlərə silahlı basqınlar etməyə başladılar. Ermənilərlə bir şəhər, qəsəbə, kəndlərdə yaşayan Azərbaycan türkləri vilayətin ərazisindən zorla qovulduqdan sonra ancaq Azərbaycan türklərinin yaşadığı kəndlərə edilən silahlı hücumlar nəticəsində bu kəndlərin əhalisi öldürüldü, evlər qarət edildi, yandırıldı, sağ qalanlar vilayətin ərazisindən qaçaraq canlarını çox çətinliklə salamat qurtardılar. Erməni silahlı dəstələrinin Rusiya ordusunun 366-cı polkunun yardımı və iştirakı ilə Malıbəyli, Xocalı və başqa qəsəbələrdə, kəndlərdə törətdikləri qanlı faciələr, qətllər bu ərazidə ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri soyqırımdır.
                 Ermənistanın və Qarabağın dağlıq bölgəsinin erməni birləşmiş hərbi qüvvələri rus ordusunun birbaşa köməyi ilə 1992-ci il fevral ayının 26-da Xocalı rayonu, 1992-ci il may ayının 9-da Şuşa şəhərini, 1992-ci il may ayının 18-də Laçın rayonunu, 1993-cü il aprelin 3-də Kəlbəcər rayonunu, 1993-cü il iyul ayının 23-də Ağdam rayonunu, 1993-cü il avqustun 23-də Füzuli rayonunu, 1993-cü il avqustun 23-də Cəbrayıl rayonunu, 1993-cü il iyun ayının 17-də Ağdərə rayonunu, 1993-cü il oktyabrın 28-də Zəngilan rayonunu işğal etdi. Qarabağın dağlıq bölgəsindən, Qarabağın başqa rayonlarından qaçqın düşmüş bir milyona yaxın Azərbaycan türkü uzun illərdir ki, qaçqın düşərgələrində dözülməz şəraitdə yaşayırlar.
                 Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1993-cü il 29 aprel tarixli 822 saylı Qətnaməsi, 1993-cü il 29 iyul tarixli 853 saylı Qətnaməsi, 1993-cü il 15 oktyabr tarixli 874 saylı Qətnaməsi və 1993-cü il 11 noyabr tarixli 884 saylı Qətnaməsində erməni işğalçı qüvvələrinin Azərbaycan rayonlarının işğalının, dinc sakinlərə hücumları və Azərbaycan ərazilərinin atəşə tutulmasını pisləmiş, hərbi əməliyyatlarının, düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, Azərbaycan Respublikasının işğal olunmuş rayonlarından erməni işğalçı qüvvələrinin dərhal çıxarılmasını tələb etmişdir.
                 Ermənistan dövləti indiyədək BMT Təhlükəsizlik Şurasının bu Qətnamələrinin tələblərini yerinə yetirməmişdir.
                 Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Azərbaycan-Ermənistan konfliktinin nizama salınması məqsədi ilə yaratdığı Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinin də indiyədək ciddi nəticəsi olmayıb. Minsk Qrupunun ABŞ, Rusiya və Fransa nümayəndələrindən olan həmsədrləri indiki mərhələyədək konfliktin nizama salınması üçün üç təklif irəli sürüblər.
                 Birinci təklifdə konfliktin paket həlli – rayonların işğaldan azad edilməsi, qaçqınların öz yaşayış yerlərinə qaytarılması, Qarabağın dağlıq bölgəsinin statusunun bu məsələlərlə eyni vaxtda müəyyən edilməsi nəzərdə tutulurdu. Bu təklif Azərbaycanın mənafelərinə tam uyğun olmasa da, Azərbaycan hökuməti qəbul etdi. Ermənistan hökuməti bu təklifi qəbul etmədi.
                 İkinci təklif konfliktin mərhələli həllini nəzərdə tuturdu. Birinci mərhələdə rayonların işğaldan azad edilməsi, qaçqınların yaşayış yerlərinə qaytarılması, ikinci mərhələdə isə Qarabağın dağlıq bölgəsinin statusu və Şuşa şəhərinə Azərbaycan türklərinin qaytarılması məsələsi həll edilməli idi. Bu təklif Azərbaycan və Ermənistan hökumətləri tərəfindən qəbul edildi. Ancaq Ermənistanda konfliktin nizamlanmasını istəməyən qüvvələr və Rusiya Ermənistan prezidenti Levon Ter-Petrosyanı istefa verməyə məcbur etdilər. Qondarma “DQR”in prezidenti, sonradan Ermənistanın Baş naziri olan R. Koçaryanın Ermənistanın prezidenti seçilməsinə nail olunduqdan sonra R.Koçaryan ATƏT-in Minsk Qrupunun ikinci təklifindən imtina etdi.
                 ATƏT-in  Minsk Qrupunun üçüncü təklifi “ümumi dövlət” prinsipinə əsaslanır. Bu təklifə görə Azərbaycan Respublikası və “Dağlıq Qarabağ Respublikası” konfederativ əsaslar üzərində birgə dövlətin yaranması haqqında saziş bağlayırlar. Dövlətlərin münasibətləri üfüqi xətt üzrə müəyyən edilir. Bu, Azərbaycan torpağı olan Qarabağın dağlıq bölgəsində erməni işğalçı qüvvələrinin qanunsuz yaratmış olduğu “DQR”in Azərbaycan və dünya tərəfindən tanınması demək idi. Ermənistan hökumətinin qəbul etdiyi bu təklifi Azərbaycan hökuməti qəbul etmədi. ATƏT-in Minsk Qrupundan konfliktin ədalətli həlli ilə bağlı yeni təkliflər istənildi. ATƏT-in Minsk Qrupu indiyədək konfliktin həll edilməsi üçün yeni təklif verməyib.
                 Ermənistanın ərazi iddiaları, təcavüzü nəticəsində yaradılmış Qarabağ konfliktinin indiki mərhələsinin xarakterini müəyyən edən başlıca məsələ Qarabağ bölgəsinin Azərbaycandan qoparılmasının hüquqi baxımdan təsbit edilməsi ilə bağlıdır. Ermənistanın, ATƏT-in, bir sıra xarici dövlətlərin fəaliyyəti bu məqsədin gerçəkləşdirilməsinə yönəlib. Bu mərhələdə Qarabağın dağlıq bölgəsinin Azərbaycandan qoparılması yönündə üç təhlükə ortaya çıxıb:
                 Birinci təhlükə: “Ümumi dövlət” prinsipinin Azərbaycana qəbul etdirilməsi yönündə görülən işlər.
                 İkinci təhlükə: Azərbaycanı qondarma “DQR”lə birbaşa danışıqlara məcbur etmək yönündə edilən təzyiqlər. Torpaqları işğaldan azad etmədən statusun önə çəkilməsi.
                 Üçüncü təhlükə: Ermənistanın ərazi iddiaları, təcavüzü nəticəsində yaradılmış Qarabağ konfliktinin ədalətlə, dövlətlərin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq hüquq normalarına uyğun həll etmədən Azərbaycanı təcavüzkar Ermənistanla iqtisadi əməkdaşlığa cəlb etmək yönündə göstərilən təzyiqlər.
                 Bu mərhələdə ATƏT-in Minsk Qrupu konfliktin həll edilməsi yönündə əsas işin Azərbaycanla Ermənistanın üzərinə yönəltməyə çalışır. Azərbaycanın “ümumi dövlət” prinsipini rədd etməsinə baxmayaraq, yeni təkliflər verməkdən imtina edir. ATƏT-in Minsk Qrupunun bu addımı “ümumi dövlət” prinsipinin Azərbaycana qəbul etdirilməsi məqsədi daşıyır. İndiki mərhələdə ATƏT-in Minsk Qrupunun fəaliyyəti konflikti ərazi bütövlüyü, dövlət suverenliyi prinsipinə uyğun həll etməyə deyil, Qarabağın dağlıq bölgəsinin Azərbaycandan qoparılan müstəqil bir dövlətin yaradılmasına, ya da bu bölgənin Ermənistana verilməsinə yönəlib.
                 1999-cu il aprel ayının 22-də Vaşinqtonda NATO-nun 50 illiyi ilə bağlı zirvə toplantısı keçirildi. Zirvə toplantısında ABŞ-ın dövlət katibi Madlen Olbraytın təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə Ermənistan Respublikasının Prezidenti Robert Koçaryan arasında birbaşa danışıqlar oldu. Bundan sonra iki dövlət başçısı iki dəfə Cenevrədə, bir dəfə Yaltada, bir dəfə Naxçıvanda görüşdülər.1999-cu il sentyabr ayının 24-də ABŞ-ın dövlət katibi Madlen Olbrayt Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə məktub göndərərək konfliktlə bağlı ABŞ-ın siyasətinin başlıca prinsiplərini açıqlayıb. Bu prinsiplər aşağıdakəlardır:
                  ▪ Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Ermənistan Respublikasının Prezidenti Robert Koçaryan arasında birbaşa danışıqların davam etdirilməsi;
                  ▪ “DQR”-nin danışıqlarda iştirak etməsi;
                  ▪  Nizamlanmadan sonra regionun bərpa prosesinə iqtisadi yardım göstərilməsi;
                  ▪ İstanbul sammitinədək nizamlanmanın çərçivə prinsiplərinin bəyan edilməsi.
                 1999-cu il oktyabr ayının 9-da ABŞ-ın vitse-prezidenti Albert Qor Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə məktub yazaraq ABŞ-ın konfliktlə bağlı siyasətinin prinsiplərini bir daha müdafiə etdi.


                                                                                                                                                                                         II.            BÖLMƏ


AZƏRBAYCAN TORPAQLARININ İŞĞALDAN AZAD EDİLMƏSİ VƏ QARABAĞ KONFLİKTİNİN AZƏRBAYCANIN MİLLİ MƏNAFEYİNƏ UYĞUN HƏLL EDİLMƏSİ ÜÇÜN GÖRÜLMƏLİ İŞLƏR

                                                      I.            Konfliktin dinc vasitələrlə  həlli yolu

                 Konfliktin Birləşmiş Millətlər Təşkilatının nizamnaməsi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəzlik Şurasının Qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının prinsipləri əsasında həll edilməsi Azərbaycanın milli mənafelərinə uyğundur.
                  Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 3-cü, 4-cü bəndlərinə görə BMT-nin bütün üzvləri beynəlxalq aləmə, təhlükəsizliyə, ədalətə təhlükə yaratmamaq üçün bütün beynəlxalq mübahisələri dinc vasitələrlə həll edir, beynəlxalq münasibətlərdə, dövlətlərin ərazi toxunulmazlığına, siyasi müstəqilliyinə qarşı güc tətbiq etməklə hədələməkdən, güc tətbiq etməkdən çəkinirlər.
           Sülh təhdid edildikdə, sülh pozulduqda, işğal aktı baş verdikdə BMT Nizamnaməsinin 7-ci fəslinin 40-cı, 41-ci, 42-ci maddələrində təcavüzkara qarşı tətbiq ediləcək məcburetmə tədbirləri nəzərdə tutulur.
           Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyət prinsiplərinə görə dövlətlər arasında münasibətlər suveren hüquqlara hörmət, güc tətbiq etməklə hədələmək, güc tətbiq etməmək, ölkələrin sərhədlərinin pozulmazlığı, ərazi bütövlüyü əsasında müəyyən edilir.
           Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazilərini işğal etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası 1993-cü il 29 aprel tarixli 822 saylı, 1993-cü il 29 iyul tarixli 853 saylı, 1993-cü il 15 oktyabr tarixli 874 saylı və 1993-cü il 11 noyabr tarixli 884 saylı Qətnamələrində Azərbaycan Respublikasının dövlət suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin pozulmazlığını, ərazi əldə etmək üçün güc tətbiq edilməsinə yol verilməzliyini təsdiq edərək, hərbi əməliyyatların, düşmənçilik aktlarının dərhal dayandırılmasını, bütün erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal edilən rayonlarından ləngimədən çıxarılmasını tələb etmişdir. ATƏT-in Minsk Qrupu BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dinc vasitələrlə gerçəkləşdirilməsi üçün tərəflər arasında vasitəçiliyə başlamış, bir sıra təkliflər irəli sürülmüşdür.

           Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Azərbaycanın sərhəd toxunulmazlığının, ərazi bütövlüyünün, dövlət suverenliyinin təmin edilməsi BMT Nizamnaməsinin 40-cı, 41-ci, 42-ci maddələrinə, ATƏT-in fəaliyyət prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının işğal edilən rayonlarının azad edilməsi haqqında qəbul etdiyi 822, 853, 874, 884 saylı Qətnamələrinin tələblərinə əməl edilməklə mümkündür. Konfliktin bu yolla həll edilməsi Azərbaycanın milli mənafeyinə uyğundur. Konfliktin dinc vasitələrlə, danışıqlar yolu ilə həll olunması da, BMT Təhlükəsizlik Şurasının Qətnamələrinin, BMT Nizamnaməsinin 41-ci, 42-ci maddələrində nəzərdə tutulan məcburedici tədbirlərin, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququnu gerçəkləşdirilməsi də ancaq Azərbaycan Respublikasının milli gücünün səfərbər edilməsi, ölkənin daxili və xarici imkanlarının artırılması yolu ilə ola bilər.
        
                                                   II.            Ölkədə milli birliyin, siyasi həmrəyliyin gücləndirilməsi, milli gücün səfərbər edilməsi
           Ölkədə milli birliyin, siyasi həmrəyliyin gücləndirilməsi, milli gücün səfərbər edilməsi üçün bu işlər görülməlidir:
1)    Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi, Qarabağ probleminin milli mənafeyə uyğun həlli yolları ilə bağlı ümummilli proqram qəbul edilir, onun gerçəkləşdirilməsi ilə bağlı işlər görülür.
2)    Bələdiyyə seçkilərinin, Milli Məclisə növbəti seçkilərin və 2003-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkisinin azad, ədalətli, qanunlara uyğun keçirilməsi məqsədi ilə Mərkəzi Seçki Komissiyası, Bələdiyyə və Milli Məclisə seçkilər və Azərbaycan Respublikası Prezidentinin seçkisi ilə bağlı partiyaların razılaşdırdığı qanun layihələri Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
3)    Milli birliyin, siyasi həmrəyliyin yaradılmasında iştirak edən partiyaların məhkum edilən üzvlərinin cəzadan azad edilməsi ilə bağlı məsələləri həll etmək üçün respublika Prezidentinə partiyalar birgə müraciət edirlər.
4)    Ölkədə sosial-iqtisadi gərginliyin aradan qaldırılması yönündə təcili tədbirlər görülür. Qaçqınlara, şəhid ailələrinə yardımlar artırılır, onların sosial vəziyyəti yaxşılaşdırılır. Azərbaycanın iqtisadi-sosial inkişafı ilə bağlı proqram partiyalarla müzakirə edilir, təklifləri nəzərə alınır, gerçəkləşdirilir.
5)    Azərbaycan Respublikasının ədalətlə, Konstitusiyaya, qanunlara uyğun idarə edilməsi üçün zəruri olan tədbirlər görülür, rüşvətxorluğun, korrupsiyanın qarşısı alınır, regional qarşıdurmanın, ayrıseçkiliyin aradan qaldırılmasına nail olunur.
6)    Hakimiyyət və müxalifət, siyasi partiyalar arasında qarşıdurma aradan götürülür, partiyaların Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğun olaraq yaradılmasına,fəaliyyət göstərməsinə şərait yaradılır.
7)    Ölkənin siyasi, iqtisadi, sosial, hərbi gücünü artırmaq, bu gücün Azərbaycan torpaqlarının düşmən işğalından azad edilməsinə, Qarabağ konfliktinin Azərbaycanın milli mənafeyinə uyğun həll edilməsinə yönəltmək məqsədi ilə hakimiyyət və siyasi partiyalar arasında Milli Birlik Hökumətinin yaradılması ilə bağlı razılaşma əldə edilməsinə çalışılır.
8)    Siyasi partiyaların, başqa qurumların Azərbaycana qarşı düşmənçilik siyasəti aparan dövlətləri, başqa xarici qüvvələri dəstəkləmisinin qarşısının alınması ilə bağlı hakimiyyət, siyasi partiyalar, başqa qurumlar arasında fikir mübadiləsi, məsləhətləşmələr aparılır, zəruri tədbirlər görülür.

                                               III.            Azərbaycanın müdafiə gücünün artırılması, təhlükəsizliyin qorunması ilə bağlı görülməli işlər
                  Azərbaycanın müdafiə gücünün artırılması təhlükəsizliyinin qorunması ilə bağlı bu işlər görülməlidir:
1)    Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, Təhlükəsizlik orqanlarının işğal edilən ərazilərin azad edilməsinə imkan verən hazırlıqlı vəziyyətə gətirilməsi üçün ölkənin bütün imkanları səfərbər edilməlidir.
2)    Azərbaycanın NATO ilə əməkdaşlığı gücləndirilməli, Azərbaycanın NATO-ya qəbul edilməsi ilə bağlı hökumət rəsmi müraciət etməlidir.
3)    Azərbaycan Respublikası hökuməti Türkiyə Respublikası ilə qarşılıqlı hərbi yardım haqqında ikitərəfli hərbi əməkdaşlıq sazişi bağlamalı, Türkiyə Respublikasına GUÖAM-a daxil olması ilə bağlı müraciət etməlidir.
4)    Qəbələ RLS-dən Rusiyanın istifadəsi dayandırılmalıdır.
5)    Azərbaycana qarşı xarici təhdidlərin qarşısının alınması məqsədi ilə ölkədə NATO-nun , ya da Türkiyənin zəruri gücdə olan hərbi bazası yerləşdirilməlidir.
6)    Xəzər neft siyasətinin, İpək yolu siyasətinin, Transxəzər neft və qaz kəmərlərinin, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi, enerjinin qərb bazarlarına daşınması ilə bağlı başqa layihələrin gerçəkləşdirilməsi təmin edilməlidir. Bu siyasətin təhlükəsizliyinin təmin edilməsində GUÖAM-ın, NATO-nun rolu artırılmalıdır.

                                               IV.            ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik missiyası ilə bağlı Azərbaycanın siyasəti
                  ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik missiyası    ilə bağlı Azərbaycan bu addımları atmalıdır:
1.    Azərbaycan hökuməti Minsk Qrupunun həmsədrləri ilə bağlı məsələyə yenidən baxılmasını tələb etməlidir.
2.    Ermənistanın strateji müttəfiqi olan Rusiya Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılmalıdır.
3.    Bölgədə sülhün, sabitliyin qorunmasında maraqlı olan Türkiyə Respublikası Minsk Qrupunun həmsədrliyinə gətirilməlidir.
4.    Azərbaycan hökuməti Minsk Qrupunun fəaliyyətinin BMT Təhlükəsizlik Şurasının verdiyi mandata (mandata görə Ermənistan və Azərbaycan münaqişə edən tərəflər, Qarabağın dağlıq bölgəsində yaşayan azərbaycanlı vı erməni icması isə maraqlı tərəflərdir) uyğun olaraq aparılmasına nəzarətini artırmalıdır.
5.    Azərbaycan hökuməti Minsk Qrupunun fəaliyyətinin ATƏT-in fəaliyyət prinsiplərinə, BMT Nizamnaməsinə uyğun aparılmasına nəzarətini gücləndirməlidir.
6.    Azərbaycan hökuməti ATƏT-in Minsk Qrupunun BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin yerinə yetirilməsi istiqamətində, ATƏT-in prinsipləri əsasında fəaliyyət göstərməsinin tələb etməli, ATƏT-in Minsk Qrupu ilə əməkdaşlığını bu prinsiplər əsasında qurmalıdır.

                                                   V.            Konfliktin dinc vasitələrlə həll edilməsi prinsipləri
                  Azərbaycan hökuməti işğal edilən ərazilərin azad edilməsi, Qarabağ konfiliktinin dinc vasitələrlə Ermənistan hökuməti ilə danışıqlar yolu ilə həll edilməsi üçün bu prinsiplərə əsaslanmalıdır:
                                                        I.            BMT Nizamnaməsinin 2-ci maddəsində müəyyən edilən prinsiplərə:
1.      BMT-nin bütün üzvlərinin suveren bərabərliyi;
2.      BMT üzvü olan dövlətlərin bu nizamnamədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirməsi;
3.      BMT üzvü olan dövlətlərin beynəlxalq mübahisəli məsələləri beynəlxalq sülhə, təhlükəsizliyə, ədalətə təhlükə yaratmadan dinc vasitələrlə həll etməsi;
4.      BMT üzvü olan dövlətlərin beynəlxalq münasibətlərdə dövlətlərin ərazi toxunulmazlığına, siyasi müstəqilliyinə qarşı güc tətbiq edilməsi hədəsindən, güc tətbiq edilməsindən çəkinməsi.
 
                                                             II.            ATƏT-in fəaliyyət prinsiplərinə:
1.    Suveren bərabərlik;
2.    Suveren hüquqlara hörmət. Güc tətbiq etmək hədəsinin, güc tətbiq edilməsinin istisna edilməsi;
3.    Dövlətlərin sərhədlərinin pozulmazlığı və ərazi bütövlüyü;
4.    İnsan hüquqlarına və əsas azadlıqlarına hörmət.

                                                           III.            BMT-nin 1948-ci il dekabr ayının 10-da qəbul etdiyi “İnsan hüquqları Bəyannaməsi”nin prinsiplərinə əməl edilməsi.

                                                          IV.            Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı ərazi iddialarını rəsmiləşdirən bütün qərarların ləğv edilməsi.

                                                            V.            Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı Qətnamələrinin şərtsiz yerinə yetirilməsi.

                                                          VI.            Qarabağın dağlıq hissəsində yaşayan ermənilərə veriləcək status Azərbaycan Respublikasının Konstitusiyasının aşağıdakı maddələrinə uyğun olmalıdır: 7-ci (Azərbaycan dövləti); 8-ci (Azərbaycan dövlətinin başçısı); 9-cu (Silahlı Qüvvələr); 11-ci (Azərbaycan Respublikasının ərazisi); 19-cu (Pul vahidi); 20-ci (Dövlət borclarına qoyulan məhdudiyyətlər); 21-ci (Dövlət dili); 22-ci (Paytaxt); 23-cü (Azərbaycan dövlətinin rəmzləri); 24-cü və 71-ci maddələr (Əsas insan və vətəndaş hüquqları və azadlıqları); 72-ci və 80-cı maddələr (Vətəndaşların əsas vəzifələri); 81-ci (Qanunvericilik hakimiyyətinin həyata keçirilməsi); 94-cü (Azərbaycan Respublikasının Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar); 95-ci (Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər); 99-cu (İcra Hakimiyyətinin mənsubiyyəti); 109-cu (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri); 119-cu (Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri); 120-ci (Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları); 124-cü (Yerlərdə İcra Hakimiyyəti); 125-ci (Məhkəmə hakimiyyətinin həyata keçirilməsi); 130-cu (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi); 131-ci (Azərbaycan Respublikasının Ali Məhkəməsi); 132-ci (Azərbaycan Respublikasının İqtisad Məhkəməsi); 133-cü (Azərbaycan Respublikasının Prokurorluğu); 142-146-cı (Yerli özünüidarəetmə); 147-ci (Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi); 148-ci (Azərbaycan Respublikası qanunvericilik sisteminə daxil olan aktlar); 149-cu (Normativ hüquqi aktlar);

                                                        VII.            Dağlıq Qarabağa dövlət statusunun, o sıradan muxtar dövlət statusunun verilməməsi. Dağlıq Qarabağa dövlət statusunun verilməsi Azərbaycanın ərazi bütövlüyünü pozur.

                                                      VIII.            Qərbi Azərbaycandan, Qarabağın dağlıq bölgəsindən qovulan Azərbaycan türklərinin şəhər, kənd və qəsəbələrinə qaytarılması. Azərbaycan türklərinin Qarabağın dağlıq bölgəsində olan yaşayış yerləri aşağıdakılardır:
                         Şuşa şəhəri
                         Kəndlər:
                         Yextsaxoq
                         Saxkadzor
                         Kiro
                         Böyük Qaladərəsi
                         Malıbəyli
                         Xəlfəli
                         Dükanlar
                         Zamanpəyəsi
                         Mirzələr
                         Xanalı
                         İmamqulular
                         Turşsu Q.
                         Yuxarı Quşçular
                         Aşağı Quşçular
                         Qeybalı
                         Laçınlar
                         Zarıslı
                         Nəbilər
                         Göytala
                         Səfixanlar
                         Xanlıqpəyə
                         Allahqulular
                         Şırlan
                         Çaykənd
                         Paşalar
                         Məmişlər
                         Cəmillər

                         Xankəndi şəhəri
                         Xocalı şəhəri
                         Kəndlər:
                         Kərgicahan
                         Xocalı
                         Qaraşərabtrestinin 2 N-li sovxozu yanında qəsəbə
                         Kosalar
                         Canhəsən
                         Cavadlar
                         Başkənd
                         Yalobakənd
                         Cəmilli
                         Meşəli
                         Ballıca
                         Xanyurdu
                         Qarabulaq
                         Daşbulaq
                         Suncinka
                         Badara
                         Ağbulaq
                         Dəhrəz
                         Əskəran
                         Pirkənd
                         Hərov
                         Sığınaq
                        
                         Xocavənd şəhəri
                         Kəndlər:
                         Xocavənd
                         Qaradağlı
                         Muğanlı
                         Əmirallar
                         Kuropatkino
                         Salakətin
                         Tuğ
                         Axullu
                         Günəşli
                        
                         Ağdərə Ş.T.Q
                         Sırxavənd
                         Narıçlar
                         Umudlu
               
             Qarabağın dağlıq bölgəsində azərbaycanlıların yaşadığı bütün başqa kənd və qəsəbələr.

                                                           IX.            Qarabağın dağlıq bölgəsində yaşayan Azərbaycan türklərinin və ermənilərin təhlükəsizliyinin təmin edilməsi. Azərbaycan türklərinin və ermənilərinin təhlükəsizliyinin bir-birini təhdid etməyən ölçüdə gerçəkləşdirimləsi.

                                                             X.            Qarabağın dağlıq bölgəsində yaşayan Azərbaycan türklərinin icmasının və erməni icmasının təhlükəsizliyinin təmin edilməsi, bu icmaların statusun müəyyən edilməsi ilə bağlı məsələlərin müzakirəsində iştirak etməsi.


                                                           XI.            İşğal edilən ərazilərə vurulan maddi ziyana görə Ermənistanın məsuliyyətinin müəyyən edilməsi.

                                                         XII.            Azərbaycan hökuməti aşağıdakı məsələlərdə güzəştə gedə bilər:

1)    NATO-nun sülhməramlı qüvvə kimi işğaldan azad edilən ərazilərə yerləşdirilməsi nəticəsində Azərbaycan dövlətinin bu ərazidə suverenliyinin əvvəlcədən müəyyən edilən müddətə məhdudlaşması;
2)    Azərbaycan hökuməti BMT Təhlükəsizlik Şurasının Qətnamələrinin yerinə yetirilməsi üçün Ermənistana qarşı BMT Nizamnaməsinin 41-ci, 42-ci maddələrində nəzərdə tutulan tədbirlərin görülməsi ilə bağlı tələblə çıxış etmir;
3)    Azərbaycan hökuməti Qarabağın dağlıq bölgəsində yaşayan ermənilərə muxtariyyət verir, onun saxlanacağına, dəyişdirilməyəcəyinə, Qarabağın dağlıq bölgəsi ilə Ermənistan arasında kommunikasiya xətlərinin təhlükəsizliyinə təminat verir;
4)    Azərbaycan hökuməti Qarabağın dağlıq bölgəsində yaşayan erməni vətəndaşlarının hüquqlarını məhdudlaşdıran hər hansı qanun qəbul etməyəcəyinə təminat verir. Qarabağın dağlıq bölgəsində yaşayan ermənilər onlara veriləcək statusun dəyişdirilməsi ilə bağlı iddia qaldırılmayacaqlarına təminat verir. Azərbaycan hökuməti Qarabağın dağlıq bölgəsi ilə Ermənistan arasında iqtisadi, mədəni, humanitar, Azərbaycanın suverenliyinə xələl gətirməyən başqa əlaqələrin qurulmasına şərait yaradır;
5)    Azərbaycan və Ermənistan arasında kommunikasiya xətləri açılır, iki ölkə arasında iqtisadi əlaqə qurulur;
6)    Ermənistanın Azərbaycanla bağlı ayrı-ayrı iqtisadi proqramlara cəlb edilməsinə razılıq verilir;

                                                       XIII.            Naxçıvanla kommunikasiya xətlərinin açılması.

                                                      XIV.            Ermənistanla Azərbaycanın birbaşa danışıqlarının şərti kimi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması.

                                                        XV.            Münaqişənin dinc vasitələrlə nizama salınma prosesi aşağıdakı ardıcıllıqla aparılır:
1.    İşğalçı silahlı qüvvələr Azərbaycanın işğal olunmuş bütün ərazilərindən: Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonlarından, Qarabağın dağlıq bölgəsindən, o sıradan Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonlarından çıxarılır, qaçqınlar kənd, qəsəbə və şəhərlərinə qaytarılır.
2.    Qarabağın dağlıq bölgəsində yaşayan Azərbaycan türklərinin və ermənilərin təhlükəsizliyi təmin edilir, ictimai asayişin, təhlükəsizliyin təmin edilməsi üçün zəruri olan polis qüvvələrindən (Azərbaycan türklərindən və ermənilərdən ibarət) başqa yerli silahlı qüvvələr tərkisilah edilir.
3.    Azərbaycan türklərinin və erməni icmalarının iştirakı ilə Qarabağın dağlıq bölgəsinin statusu müzakirə və müəyyən edilir.
4.    Müəyyən edilən statusa uyğun olaraq, Dağlıq Qarabağın hər iki icmasının iştirak etdiyi özünüidarəetmə orqanları təşkil edilir.
5.    Qarabağın dağlıq bölgəsində hər iki icmanın yaşadığı şəhər, kənd və qəsəbələrin bərpası başlanır, bölgənin iqtisadi-sosial inkişafı üçün işlər görülür.

                                                      XVI.            Konflikt həll edildikdən sonra Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələr qurulur, dövlətlər arasında əməkdaşlıq müqaviləsi bağlanılır, sərhədlər müəyyən edilir.

                                                    XVII.            Təcavüzkara qarşı görülməli tədbirlər.
Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməkdən imtina etdikdə, konfliktin BMT Nizamnaməsinin, BMT Təhlükəsizlik Şurasının Qətnamələrinin, ATƏT-in prinsiplərinin tələblərinə uyğun həll edilməsinə qarşı çıxdıqda Azərbaycan hökuməti aşağıdakı tədbirləri görməlidir:
1.    Azərbaycan hökuməti BMT-nin Təhlükəsizlik Şurasından işğalçı qüvvələrə qarşı BMT Nizamnaməsinin 41-ci, 42-ci maddələrində nəzərdə tutulan məcburetmə tədbirlərinin görülməsini tələb etməlidir.
2.    BMT Təhlükəsizlik Şurası təcavüzkara qarşı BMT Nizamnaməsində nəzərdə tutulan tədbirləri gerçəkləşdirmədikdə, Azərbaycan hökuməti BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun oaraq öz ərazilərini işğaldan azad  etmək məqsədi ilə özünümüdafiə hüququndan yararlanmaq üçün uyğun qərarlar qəbul edərək, zəruri tədbirlər görməlidir.
3.    Erməni işğalçı qüvvələrinə qarşı Azərbaycan Respublikasının özünümüdafiə hüququndan yararlanması Qarabağın dağlıq bölgəsində yaşayan dinc erməni əhalisinin təhlükəsizliyinin təhdid edilməsinə, onların hüquq və azadlıqlarının pozulmasına səbəb olmadan gerçəkləşdirilir. Qarabağın dağlıq bölgəsində yaşayan Azərbaycan türklərinin və ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, Qarabağın dağlıq bölgəsinin statusunun müəyyən edilməsi hər iki icmanın iştirakı ilə müzakirə və həll edilir.

              Milli Konqres Partiyasının Ermənistanın ərazi iddiaları, təcavüzü nəticəsində yaradılmış Qarabağ konfliktinin həlli yolu ilə bağlı birinci proqramı Partiyanın İdarə Heyətinin 1998-ci il dekabr ayının 5-də keçirilən iclasında qəbul edilib, Partiyanın 1998-ci il dekabr ayının 19-da keçirilən Məclisində təsdiq olunub.Birinci proqram sıralarında 90 təşkilatı birləşdirən Demokratik Alyansın 1998-ci il dekabr ayının 17-də keçirilən konfransında qəbul edilib.
              Milli Konqres Partiyasının Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi və Qarabağ konfliktinin həlli yolu ilə bağlı ikinci proqramı Partiyanın İdarə Heyətinin 1999-cu il oktyabr ayının 28-də keçirilən iclasında qəbul olunub.

İxtiyar Şirin
Milli Konqres Partiyasının sədri

Bakı şəhəri,
28 oktyabr 1999-cu il